Antverpen Ümumdünya Almaz Mərkəzi ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə ABŞ Prezidenti Donald Tramp üçün xüsusi dizayn edilmiş üzük hazırlayıb.
EDnews xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
"Freedom 250" adlandırılan üzük 18 karatlıq qızıldan hazırlanıb və antverpenli zərgər David Qotlib tərəfindən dizayn edilib.
Bəzədilməsində 321 brilyant, 56 sapfir, 13 zümrüd və 6 yaqutdan istifadə olunub. Üzüyün dizaynında qartal təsviri, "250" rəqəmi və "250 years USA" (ABŞ-nin 250 ili) yazısı yer alır. Üzüyün daxili hissəsində isə "Antverpendə Donald Con Tramp üçün hazırlanıb" sözləri həkk olunub.
Hədiyyə ABŞ-nin Belçikadakı səfirinə təqdim edilib və onun Donald Trampa çatdırılacağı bildirilib. Antverpen Almaz Mərkəzinin rəhbəri Isidor Mörsel bu hədiyyəni "etibar və tərəfdaşlığın rəmzi" kimi xarakterizə edib. Məlumata görə, Donald Tramp hələlik üzüyü şəxsən qəbul etməsə də, videomüraciətində antverpenli tərəfdaşlarına təşəkkürünü bildirib.







