26 İyun – Narkomaniyaya və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Beynəlxalq Mübarizə Günüdür.
EDnews xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 1987-ci ildən qeyd olunan bu günün məqsədi cəmiyyətin diqqətini narkomaniyanın yaratdığı sosial, psixoloji və iqtisadi fəsadlara yönəltmək, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək və insanların, xüsusilə də gənclərin bu təhlükə barədə məlumatlılığını artırmaqdır.
Narkomaniya təkcə ayrı-ayrı şəxslərin deyil, bütövlükdə cəmiyyətin sağlamlığına, təhlükəsizliyinə və inkişafına ciddi təhdid yaradan qlobal problemlərdən biridir. Narkotik vasitələrdən asılılıq insanların fiziki və psixi sağlamlığını məhv edir, ailə münasibətlərini pozur, sosial təcrid, cinayətkarlıq və digər mənfi halların artmasına səbəb olur.
Dünya miqyasında narkotik istifadəsi və narkomaniya ilə bağlı vəziyyət narahatlıq doğurmaqda davam edir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) 2025-ci il Dünya Narkotiklər Hesabatına görə, 2023-cü ildə dünyada 15-64 yaş arasında təxminən 316 milyon insan, yəni dünya əhalisinin 6 faizi ən azı bir dəfə narkotik vasitədən istifadə edib. Bu göstərici son on ildə təxminən 28 faiz artıb.
Hesabata əsasən, dünyada ən geniş yayılmış narkotik vasitə kannabisdir və ondan təxminən 244 milyon nəfər istifadə edir. Bundan başqa, 61 milyon nəfər opioidlərdən, 30,7 milyon nəfər amfetaminlərdən, 25 milyon nəfər kokain, 21 milyon nəfər isə ekstazi tipli narkotiklərdən istifadə edir.






