Son dövrlər xaricdən avtomobil gətirən vətəndaşlar arasında gömrükdə tələb olunduğu iddia edilən “qapı pulu” ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Mövzu ilə bağlı vəkil, hüquqşünas Bəhruz Orucov EDnews-a açıqlamasında vətəndaşların hüquqları, gömrük ödənişlərinin qanuni əsasları və mümkün məsuliyyət tədbirlərindən danışıb.
Hüquqşünas bildirib ki, son dövrlərdə vətəndaşların ən çox narazılıq etdiyi dövlət qurumlarından biri kimi Dövlət Gömrük Komitəsinin adı hallanır.

Onun sözlərinə görə, narazılıqların əsas səbəbləri gömrük əməliyyatlarında gecikmələr, bəzi hallarda əsassız ödənişlərin tələb edilməsi, müəyyən malların rəsmiləşdirilməsi zamanı yaradılan çətinliklər və şəffaflığın yetərli səviyyədə təmin olunmamasıdır.
“Qanunvericilikdə “qapı pulu” adlı ödəniş yoxdur”
B.Orucov qeyd edib ki, avtomobil idxalı zamanı vətəndaşlar arasında ən çox müzakirə olunan məsələlərdən biri qeyri-rəsmi şəkildə “qapı pulu” adlandırılan ödənişdir.
“Azərbaycan qanunvericiliyində “qapı pulu” adlı ayrıca ödəniş növü nəzərdə tutulmayıb. Buna görə də vətəndaşlarda haqlı sual yaranır ki, əgər belə bir ödənişin hüquqi əsası yoxdursa, niyə əlavə xərc çəkməlidirlər? Əgər qanuni əsas varsa, o zaman niyə ödənişi təsdiqləyən qəbz və ya digər rəsmi sənəd təqdim edilmir?” – deyə hüquqşünas vurğulayıb.
“Vətəndaş ödənişin hüquqi əsasını tələb etmək hüququna malikdir”
Ekspertin sözlərinə görə, vətəndaşlar onlardan tələb edilən hər bir ödənişin hüquqi əsasının izah olunmasını, rəsmi sənəd təqdim edilməsini və qəbul edilən qərarın yazılı şəkildə rəsmiləşdirilməsini tələb edə bilərlər.
O bildirib ki, artıq belə bir ödəniş edilibsə, vətəndaşlar gömrük orqanlarının qərar və hərəkətlərindən yuxarı instansiyalara və ya məhkəməyə şikayət vermək hüququna malikdirlər.
“Qanunsuz tələbə görə cinayət məsuliyyəti yarana bilər”
B.Orucovun sözlərinə görə, məsuliyyət hadisənin xarakterindən asılı olaraq dəyişir.
“Əgər əməkdaş xidməti vəzifələrini lazımi qaydada yerinə yetirmirsə, sənədləri əsassız gecikdirirsə və ya vətəndaşlarla kobud rəftar edirsə, intizam məsuliyyətinə cəlb oluna bilər. Daha ciddi hallarda isə vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunda nəzərdə tutulmayan ödənişlərin tələb olunması və ya rüşvət alma halları cinayət məsuliyyəti yarada bilər”, – deyə o qeyd edib.
“Gömrük ödənişləri yalnız rəsmi qaydada aparılmalıdır”
Hüquqşünas xatırladıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən, gömrük ödənişləri yalnız bank, poçt və ya ödəniş kartları vasitəsilə həyata keçirilməlidir.
Onun fikrincə, vətəndaşların öz hüquqlarını bilməsi bu kimi halların qarşısının alınmasında mühüm rol oynayır.
Bəhruz Orucov sonda vurğulayıb ki, müasir gömrük sistemi yalnız nəzarət mexanizmi deyil, eyni zamanda vətəndaş hüquqlarına hörmət edən, fəaliyyətində maksimum şəffaflığı təmin edən və cəmiyyətin etimadını qazanan idarəetmə modeli üzərində qurulmalıdır.
İbrahim Əzizov | EDnews







