Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar səfərdədir.
EDnews xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində general-polkovnik Kərim Vəliyev Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Kanış Abubakirov ilə görüş keçirib.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb.
Tərəflər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlərin şəxsi heyətin peşə hazırlığının yüksəldilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə və ordular arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.
Görüş zamanı Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qazaxıstan tərəfi Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının inkişafına verdiyi mühüm töhfəyə görə general-polkovnik Kərim Vəliyevi “Hərbi əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə” medalı ilə təltif edib.










