ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın oğlu ağır yol-nəqliyyat hadisəsi keçirib.
Qənirə Ataşova EDnews-a açıqlamasında hadisənin təfərrüatlarını bölüşüb.
O, bildirib ki, qəza oğlu Ceyhunun dostları ilə birlikdə ABŞ-nin Virciniya ştatında səfərdə olduğu zaman baş verib:
“Amerikaya tez qayıtmağımın əsas səbəbi Ceyhunun məzuniyyət mərasiminə çatmaq idi. Enişə az qalmış Ceyhundan zəng gəldi. Dedi ki, ağır qəza keçiriblər. Həmin an mənim üçün həm qorxu, həm də şükür günü oldu”.
Onun sözlərinə görə, hadisə zamanı avtomobildə Ceyhun və dostu Niko olub. İlkin araşdırmalar nəticəsində qəzanın sürət, spirtli içki və ya başqa qayda pozuntusu ilə bağlı olmadığı müəyyənləşib.
“Ceyhun yola çıxan maralı vurmamaq üçün sükanı kənara çevirib. Təkər yağış sularını axıdan çökəkliyə düşüb, avtomobil bir neçə dəfə fırlanıb. Şükürlər olsun ki, uşaqlar sağ qalıblar”, – deyə jurnalist bildirib.
Qənirə Ataşova əlavə edib ki, hazırda ABŞ-də gecə saatları olduğu üçün ailə istirahətdədir və əsas təsəllisi oğlunun sağlam olmasıdır:
“Uşaqdır, orada maşınsız həyat demək olar ki, mümkün deyil. Amma ən vacibi onun sağ-salamat olmasıdır. Maşın tam yararsız elan olunub, lakin buna görə üzülmürəm”.
Qeyd edək ki, qəza nəticəsində avtomobil istifadəyə yararsız vəziyyətə düşsə də, Qənirə Ataşovanın oğlu məzuniyyət mərasiminə dostlarının dəstəyi ilə qatıla bilib.











