Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın üzvlük haqlarını ödəməməsi məsələsi gündəmdədir.
EDnews xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taаlatbek Masadıkov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, məsələ bu yaxınlarda Kazanda keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasında ətraflı müzakirə olunub.
“Bəli, bu məsələ müzakirə olunur. Düşünürəm ki, Ermənistan artıq üçüncü ildir üzvlük haqqını ödəmir”, — deyə Masadıkov qeyd edib.
KTMT baş katibi bildirib ki, Ermənistan de-fakto təşkilatın işində demək olar iştirak etmir, lakin de-yure Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tamhüquqlu üzvü olaraq qalır.
O, eyni zamanda vurğulayıb ki, Ermənistanın KTMT-də üzvlüyü ilə bağlı qərar erməni xalqı və ölkə rəhbərliyinin seçimidir.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın KTMT-yə üzvlük haqlarını ödəməməsi səbəbindən təşkilatın nizamnaməsinin müvafiq maddəsinin tətbiqinin nəzərdən keçiriləcəyini bildirmişdi.
KTMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində təşkilat büdcəsinə borcunu ödəmədiyi halda, həmin ölkənin vətəndaşlarının təşkilat daxilində kvotalı vəzifələrə irəli sürülməsi hüququ dayandırıla və ölkə tam ödəniş edənədək təşkilat orqanlarında səs hüququndan məhrum edilə bilər.
Həmin maddədə, həmçinin üzv dövlətin Nizamnamə müddəalarını və təşkilat orqanlarının qərarlarını yerinə yetirmədiyi halda onun təşkilatın fəaliyyətində iştirakının dayandırılması və ya üzvlükdən çıxarılması imkanları da nəzərdə tutulur.
Xatırladaq ki, Ermənistan 2024-cü il yanvarın 1-dən KTMT-də iştirakını dondurub. Baş nazir Nikol Paşinyan daha əvvəl bildirib ki, Ermənistan təşkilat çərçivəsində fəaliyyətini aktivləşdirməyi planlaşdırmır.
Paşinyan Ermənistanın KTMT tədbirlərində iştirakını faktiki dayandırmasını təşkilatın 2022-ci il hadisələrinə gözlənilən şəkildə reaksiya verməməsi ilə izah edib.







