Bağ mövsümünün başlaması ilə torpaq bazarında da canlanma müşahidə olunur.
Bəs hazırda Bakıda və şəhərətrafı ərazilərdə torpaq qiymətləri hansı səviyyədədir?
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov EDnews-a açıqlamasında bildirib ki, torpaq bazarı hazırda ən aktual dövrlərindən birini yaşayır və qiymətlər əsasən ərazinin yerləşməsi, təyinatı və infrastruktur imkanlarından asılı olaraq dəyişir.
Ekspertin sözlərinə görə, Bakının mərkəzi hissəsində boş torpaq sahələri demək olar ki, qalmayıb. Mövcud torpaqlar əsasən söküntü məqsədilə alınan köhnə tikililərin yerləşdiyi ərazilərdə mövcuddur:
“Şəhərin tam mərkəzində 1 sot torpağın qiyməti yarım milyon manatdan da yuxarı ola bilər. Lakin belə torpaq sahələrini satışda tapmaq olduqca çətindir. Mərkəzə yaxın ərazilərdə isə qiymətlər orta hesabla 300 min manatdan başlayaraq 500 min manata qədər yüksələ bilir”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, Məmməd Araz küçəsi (keçmiş Teymur Əliyev küçəsi) və ətraf ərazilərdə torpaq tapmaq çətin olsa da, söküntü məqsədilə satılan köhnə evlərə rast gəlmək mümkündür. Bu ərazilərdə qiymətlər təxminən 250-350 min manat arasında dəyişir.
Ekspert bildirib ki, fərdi yaşayış evlərinin tikintisi üçün şəhərə ən yaxın və əlçatan ərazilərdən biri Badamdar qəsəbəsidir:
“Badamdarda fərdi ev tikintisi üçün nəzərdə tutulan torpaqların 1 sotu təxminən 50 min manatdan başlayır. Qiymətlər konkret yerləşmədən asılı olaraq dəyişir”, – deyə o vurğulayıb.
Şəhərətrafı bağ massivlərinə gəldikdə isə, ekspert ən bahalı ərazilərin Mərdəkan və Şüvəlan olduğunu bildirib:
“Bilgəh yolu istiqamətində, xüsusilə yolkənarı ərazilərdə torpağın 1 sotu 50 min manatdan başlayır. Fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulan torpaqlarda isə qiymətlər 35-40 min manat səviyyəsindədir”.
Elnur Azadovun sözlərinə görə, ikinci ən prestijli istiqamət dənizə yaxın ərazilər hesab olunur:
“Dənizə yaxın yerləşən torpaq sahələrində 1 sotun qiyməti 30 min manatdan başlayır. Daha aralı küçələrdə və mərkəzdən uzaq nöqtələrdə isə qiymətlər 15-25 min manat arasında dəyişir”, – deyə ekspert əlavə edib.
O hesab edir ki, bağ mövsümünün aktivləşməsi fonunda torpaq bazarında qiymətlərin yüksək səviyyədə qalması gözləniləndir və xüsusilə prestijli ərazilərdə torpaq çatışmazlığı davam edir.
İbrahim Əzizov | EDnews
.jpg)



.jpg)


