Ermənistanda ABŞ-ın maliyyəsi ilə fəaliyyət göstərən hərbi-bioloji laboratoriyalar bir sıra ölkələrin və yerli mətbuatın diqqətini cəlb edir.
Ötən ilin sonunda Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndələri ilə bu laboratoriyaların qurulmasına dair müqavilə imzalayıb. Məlumata görə, bu laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək.
Bu məlumatların işıq üzü görməsindən sonra ABŞ-nin Ermənistandakı səfirliyinin qarşısında etiraz aksiyaları keçirilib.
İrəvan mətbuatının yazdığına görə, ABŞ tərəfindən maliyyələşdirilən hərbi-bioloji laboratoriyalar yalnız paytaxtda deyil, həm də Qeqarkunik, Şirak, Lori, Tavuş, Armavir, Ararat və Sünik bölgələrində fəaliyyət göstərir. Həmçinin, İcevan, Gümrü, Martuni, Qafan və Vanadzor (Böyük Qarakilsə) şəhərlərində daha müasir təchizatlı laboratoriyalar mövcuddur. İrəvandakı laboratoriyalarda isə 140-dan çox insan, o cümlədən inzibati heyət işləyir.
ABŞ-nin Ermənistandakı səfirliyi, bu laboratoriyaların yerləşməsi, fəaliyyət məqsədləri və digər suallar barədə mətbuatın sorğularını cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, hazırda Ermənistanda ABŞ-a məxsus 13 hərbi-bioloji laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalarla bağlı məsələlər, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2023-cü ildəki iclaslarında müzakirə edilib və Ermənistana xəbərdarlıq edilmişdir.
Fatimə Şükürova // EDnews