İyunun 23-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqının Baş Komitəsinin 27-ci sessiyası keçirilib.
Bu barədə EDnews-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Milli Məclis sədrinin müavini, İƏT Pİ-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov tədbirə sədrlik edib.
Açılış nitqi ilə çıxış edən Rafael Hüseynov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri İslam Əməkdaşlıq Təşkilatı olub. O, vurğulayıb ki, Azərbaycan xalqı və dövləti işğala məruz qaldığı dövrdə ölkəmizə ardıcıl dəstək göstərən beynəlxalq təşkilatlardan biri kimi İslam Əməkdaşlıq Təşkilatının mövqeyini hər zaman minnətdarlıqla xatırlayacaq.
Rafael Hüseynov İƏT Pİ-nin bu təşkilata üzv dövlətləri maraqlandıran məsələlərin müzakirəsində əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən İƏT Pİ-nin baş katibi Muhammed Xurayçi Niyass təşkilat çərçivəsində əməkdaşlığın, dialoqun və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayıb. Baş katib ev sahibi ölkənin təşkilatçılıq səylərini yüksək qiymətləndirib, iclasın səmərəli müzakirələr, qərarlar və tövsiyələrlə yadda qalacağına əminliyini ifadə edib.
Sonra gündəliyin məsələləri müzakirə olunub.
Əvvəlcə bir sıra təşkilati məsələlərə baxılıb. İƏT Pİ-də Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Ceyhun Məmmədov komitənin məruzəçisi seçilib.
Daha sonra sessiyanın gündəliyi və iş proqramı təsdiqlənib. Baş katibin hesabatı, İcraiyyə Komitəsi iclaslarının hesabatları dinlənilib və qəbul edilib. İclasda təşkilatın 2025-ci il üzrə maliyyə hesabatı da qəbul olunub, eləcə də növbəti il üçün büdcə layihələrinə baxılıb.
İclasda təşkilati məsələlər çərçivəsində İƏT Pİ Konfransının 20-ci sessiyasının yenilənmiş gündəliyinin layihəsinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Bununla da İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının ikinci günü başa çatıb.







