“Bəzən deyirlər ki, guya üzgüçülər, akvalanqçılar insanları, xüsusilə də gəncləri dənizin dibinə çəkərək boğurlar. Bu cür fikirlərə inanmaq lazım deyil”.
Bunu EDnews-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli bildirib.
Onun sözlərinə görə, insanlar dənizdə “kiminsə onları çəkməsi” səbəbindən deyil, əsasən üzməyi bilmədiklərinə, kifayət qədər təcrübə və davranış qaydalarına sahib olmadıqlarına görə boğulurlar:
“Təəssüf ki, məktəblərdə və digər yerlərdə gənclərə bu istiqamətdə kifayət qədər maarifləndirici biliklər verilmir. Bu sahədə maarifləndirmə işi gücləndirilməli, gənclərə suda təhlükəsizlik qaydaları öyrədilməlidir”.
Qeyd edək ki, ötən gün Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə 4 qohumun (onlardan ikisi qardaşdır) boğulması ciddi müzakirələrə səbəb olub. Onlardan üçünün – 1991-ci il təvəllüdlü Namiq Əzimovun, 2005-ci il təvəllüdlü Elnur Əbdülovun və 2007-ci il təvəllüdlü Elmar Əbdülovun meyitləri tapılıb, 2003-cü il təvəllüdlü Pərviz Məcidovun axtarışları isə hələ də davam edir.






