Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin gələn həftə Ermənistana səfər edəcəyi gözlənilir.
EDnews xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, səfərin iyulun 1-də baş tutması planlaşdırılır. Lakin səfərin tarixi hələ yekun şəkildə təsdiqlənməyib. Nümayəndə heyətinin tərkibində Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun da yer alacağı bildirilir.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, səfərin məqsədi Ermənistanın "Avropayönlü" hökumətinə dəstək nümayiş etdirməkdir.
"Biz görürük ki, ölkə Rusiya tərəfindən güclü və davamlı təzyiqlərlə üzləşir. Bu səfər artıq göstərilmiş konkret yardımları tamamlayan güclü dəstək siqnalı olacaq", - deyə Avropa İttifaqı rəsmisi bildirib.
"Politico" xatırladıb ki, bu, Ursula fon der Lyayenin son iki ay ərzində Ermənistana ikinci səfəri olacaq.
İyunun 20-də Avropa Komissiyasının Rusiyanın ticarət məhdudiyyətlərindən zərər çəkmiş Ermənistanın özəl sektoruna dəstək məqsədilə ölkəyə 34 milyon avro ayırdığı açıqlanmışdı. Bundan əlavə, iyunun əvvəlində Ursula fon der Lyayen Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığında Moskvanın "iqtisadi təzyiqləri" fonunda İrəvana 50 milyon avrodan artıq maliyyə yardımı paketinin hazırlandığını bildirmişdi.
Nikol Paşinyan isə daha əvvəl Ermənistanın hələlik Avropa İttifaqına üzvlüyə hazır olmadığını, bunun üçün ölkədə əvvəlcə geniş islahatların aparılmasının vacib olduğunu vurğulamışdı.







