Macarıstanda insan qalıqlarının qanunsuz şəkildə saxlanılması ilə bağlı aparılan istintaq çərçivəsində 30 yaşlı şəxs həbs edilib.
EDnews xəbər verir ki, bu barədə Macarıstan Milli İstintaq Bürosu məlumat yayıb.
Məlumata görə, Budapeştdə yaşayan şübhəli şəxs insan cəsədlərinə aid qalıqları qanunsuz əldə etmək və saxlamaqda ittiham olunur.
İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxs xəstəxanalardan və Macarıstanla Slovakiya ərazisində yerləşən bəzi köhnə qəbiristanlıqlardan insan qalıqlarını əldə edib.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, şübhəli dindirilmə zamanı anatomiya və patologiyaya xüsusi maraq göstərdiyini etiraf edib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.






