Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin şəxsi görüşlə bağlı təklifinin hazırkı şəraitdə danışıqlar prosesinin başlanması üçün əsas yaratmadığını bildirib.
EDnews xəbər verir ki, Vladimir Putin bu barədə güc strukturlarının ali məktəblərinin məzunları ilə görüşü zamanı danışıb.
Xatırladaq ki, Volodimir Zelenski daha əvvəl rəsmi saytında dərc etdiyi açıq məktubda Rusiya liderinə üçüncü ölkənin ərazisində şəxsi görüş keçirməyi və münaqişənin başa çatdırılması yollarını müzakirə etməyi təklif etmişdi.
Putin isə sözügedən məktubda "kobudluq elementləri" olduğunu iddia edərək, hazırda belə bir görüşün keçirilməsində praktiki məna görmədiyini bildirib.
"Belə müraciətlər heç bir ilkin şərt yaratmır. Əksinə, müəyyən münaqişə potensialı formalaşdırır. Onlar daim şəxsi görüş istədiklərini deyirlər. Bəs sonra nə baş verir? Üç gün sonra Starobelskə zərbə endirilir. Bu halda şəxsi görüş və danışıqlar üçün hansı ilkin şərtlərdən söhbət gedə bilər?" - deyə Rusiya prezidenti vurğulayıb.
Rusiya lideri çıxışı zamanı Ukraynanın pilotsuz uçuş aparatlarından istifadə məsələsinə də toxunaraq bildirib ki, Kiyev Qərb ölkələrinin geniş dəstəyini almaqda davam edir.
"Belə genişmiqyaslı dəstək şəraitində bu pilotsuz aparatların böyük axını müşahidə olunur", - deyə Putin qeyd edib.
O, həmçinin NATO ölkələrinin öz ərazilərindən Rusiyaya qarşı pilotsuz aparatların buraxılmasına imkan yaratdığını iddia edib. Putinin sözlərinə görə, Kiyev bu hücumlarla həm cəmiyyətdə narahatlıq yaratmağa, həm də Rusiya ordusunun fəaliyyətinə təsir göstərməyə çalışır.
Cəbhədəki vəziyyətə toxunan Rusiya Prezidenti bildirib ki, Rusiya Silahlı Qüvvələri təmas xəttinin bütün istiqamətlərində irəliləyiş əldə edir.







