Azərbaycanın idman arenasında daha bir tarixi hadisə baş vermək üzrədir. Ölkəmiz 2026-cı ildə xizək alpinizmi üzrə həm Avropa çempionatı, həm də Dünya Kuboku yarışlarını qəbul edəcək.
EDnews xəbər verir ki, bu mötəbər tədbirlərin Azərbaycanda təşkili ilə bağlı Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) edilən müraciət müsbət cavablandırılıb. Nəticədə, bu prestijli yarışların “Şahdağ” Turizm Mərkəzində keçirilməsinə qərar verilib.
Yarışların konkret tarixləri də artıq bəllidir:
Avropa çempionatı 2026-cı ilin martın 4-dən 8-dək,
Dünya Kuboku isə martın 6-dan 8-dək təşkil olunacaq.
Bu hadisə Azərbaycanın qış idman növlərində beynəlxalq səviyyədə tanınmasının və turizm potensialının artmasının daha bir göstəricisi olacaq. "Şahdağ"ın müasir infrastrukturu və təbii şəraiti bu cür yarışlar üçün ideal məkandır və ölkəmizin imicinə müsbət təsir göstərəcək.
Qış İdman Növləri Federasiyası bu irimiqyaslı tədbirin yüksək səviyyədə keçirilməsi üçün hazırlıqlara artıq başlayıb.
Fatima Şükürova // EDnews