Avropa İttifaqı (Aİ) Qırğızıstanın aviaşirkətlərini təhlükəsizliklə bağlı "qara siyahı"dan çıxararaq onlara Aİ ərazisinə uçuşlar həyata keçirmək üçün icazə verib.
EDnews xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının rəsmi saytında məlumat yayımlanıb.
Qırğızıstanın 2006-cı ildən etibarən həmin siyahıda yer almasının əsas səbəbləri kimi aviasiya sahəsində dövlət nəzarətinin zəifliyi, qanunvericilik bazasının yetərincə təkmil olmaması və inspektor hazırlığının aşağı səviyyədə olması göstərilirdi.
Qərar Avropa Komissiyasının may ayında keçirilən Aviasiya Təhlükəsizliyi Komitəsinin iclasında qəbul edilib. Bildirilib ki, Avropa Komissiyası Qırğızıstan aviaşirkətlərinin son illərdə əldə etdiyi irəliləyişləri müsbət qiymətləndirib.
Məlumata görə, ölkədə mülki aviasiya sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib, uçuş təhlükəsizliyi üzərində dövlət nəzarəti gücləndirilib və milli aviasiya sistemi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğunlaşdırılıb.
.jpg)






