Böyük Britaniya hökumətinin 16 yaşdan kiçik uşaqların sosial media platformalarına çıxışını məhdudlaşdırmaq üçün yeni qaydalar hazırladığı bildirilir.
EDnews xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyanın Baş naziri Keir Starmer yaxın günlərdə 16 yaşdan kiçik istifadəçiləri hədəf alan sosial media qadağası planını açıqlaya bilər.
Planın əsas məqsədinin uşaqları zərərli onlayn məzmundan qorumaq olduğu qeyd edilir.
Britaniya mətbuatının məlumatına əsasən, hökumət ötən ay başa çatan ictimai məsləhətləşmə prosesindən sonra uşaqların onlayn fəaliyyətlərini məhdudlaşdırmaq üçün yeni qaydalar üzərində işləyir.
Planın mərkəzində 16 yaşdan kiçik uşaqların sosial media platformalarına girişinin məhdudlaşdırılması dayanır. Bununla yanaşı, bəzi tətbiqlər üçün istisnaların nəzərdə tutula biləcəyi bildirilir.
Məlumata görə, Britaniya hökuməti bu istiqamətdə Avstraliya modelini də araşdırır. Nazirlər 2025-ci ilin dekabrında oxşar sosial media qadağasını tətbiq edən Avstraliya nümunəsini müzakirə ediblər.
Hökumətin Avstraliyadakı təcrübənin nəticələrini təhlil edərək Böyük Britaniyaya uyğun model hazırlamağa çalışdığı vurğulanır.
London meri Sadiq Xan da məsələyə münasibət bildirib. O qeyd edib ki, texnologiya şirkətləri xidmətlərinin uşaqlar üçün təhlükəsiz olduğunu sübut etməlidirlər.
Xanın sözlərinə görə, şirkətlər bu məsələ ilə bağlı kifayət qədər təminat verə bilməsələr, 16 yaşdan kiçik istifadəçilər üçün sosial media qadağası qaçılmaz ola bilər.
Uşaq Komissarı Reyçel de Souza isə planlaşdırılan yaş həddinin kifayət etməyəcəyini bildirib.
O, 16 və 17 yaşlı gənclərin də onlayn risklərlə üzləşdiyini deyərək daha geniş məhdudiyyətlərin vacibliyini vurğulayıb.
“Texnologiya şirkətlərinin uşaqlara məhdudiyyətsiz çıxışının qarşısını almaq üçün tədbirlər görməliyik”, – deyə de Souza bildirib.
Məlumata görə, Keir Starmer planı 18 iyunda keçiriləcək Makerfild seçkilərindən əvvəl edəcəyi çıxışında açıqlaya bilər.
Baş nazirin ofisi isə iddialarla bağlı şərh verməkdən imtina edib.







