Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı açıqlama verib.
EDnews xəbər verir ki, Hakan Fidan Türkiyənin regionda sülh, sabitlik və əməkdaşlıq gündəliyini dəstəklədiyini bildirib.
Nazir qeyd edib ki, Ankara bölgənin münaqişələrlə deyil, ortaq rifah və bağlantı layihələri ilə tanınmasını arzulayır və bu istiqamətdə fəaliyyət göstərir.
“Biz bölgəmizin münaqişələrlə deyil, ortaq rifah və bağlantı layihələri ilə tanınmasını arzulayırıq və bu istiqamətdə çalışırıq”, - deyə Hakan Fidan bildirib.
O, Türkiyənin Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesini dəstəklədiyini vurğulayıb.
“Biz Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik. Azərbaycanın legitim narahatlıqlarının aradan qaldırılmasını və sülh sazişinin gecikdirilmədən imzalanmasını da xüsusi olaraq arzu edirik”, - deyə Türkiyə XİN rəhbəri qeyd edib.
Hakan Fidanın sözlərinə görə, Azərbaycan və Ermənistanın ortaya qoyduğu siyasi iradə region üçün yeni imkanlar yaradır.
Nazir əlavə edib ki, Türkiyənin Ermənistanla apardığı normallaşma prosesi də Azərbaycanla sıx koordinasiya şəraitində davam etdirilir.
“Ermənistanla apardığımız normallaşma prosesi də Azərbaycanla həyata keçirdiyimiz sıx koordinasiya çərçivəsində eyni şəkildə davam edir”, - deyə Fidan bildirib.







