Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı açıqlama verib.
EDnews xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova seçkilərin müxalifətə görünməmiş təzyiq və Qərbin müdaxiləsi şəraitində keçirildiyini bildirib.
Zaxarovanın sözlərinə görə, Moskva bundan sonra Ermənistana qarşı siyasətini Ermənistan rəhbərliyinin atacağı faktiki addımları nəzərə alaraq formalaşdıracaq.
“Rusiya Ermənistana qarşı siyasətini Ermənistan rəhbərliyinin atdığı faktiki addımları nəzərə alaraq formalaşdırmaq niyyətindədir. Ermənistanda seçkilərdən sonra Paşinyanın Mülki Müqavilə Partiyasına dəstək xeyli azalıb”, - deyə o qeyd edib.
Rusiya XİN rəsmisi bildirib ki, Moskva hər zaman güclü və həqiqətən suveren Ermənistanda maraqlı olub və bundan sonra da bu mövqedə qalacaq.
Zaxarova seçkilərin Ermənistan cəmiyyətində ciddi qütbləşməni üzə çıxardığını deyib. Onun sözlərinə görə, ölkə daxilində Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi və Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünün davam etdirilməsi ilə bağlı açıq ictimai tələb mövcuddur.
Qeyd edək ki, son məlumata əsasən, Ermənistan parlamentindəki 105 yerdən Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyası 64 mandat əldə edib. Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası 29, Robert Köçəryanın “Ermənistan” bloku isə 12 mandat qazanıb.
Seçki nəticələrindən sonra Avropa Şurasının Prezidenti Antonio Koşta, Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Nikol Paşinyanı təbrik ediblər.







