Keçmiş məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin edilməsinə dair qanun layihəsinin plenar iclasa tövsiyə olunması Böyük Qayıdış prosesinin gələcək mərhələləri üçün mühüm addım kimi qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, bu təşəbbüs həm sosial sabitliyin möhkəmlənməsinə, həm də azad edilmiş ərazilərdə iqtisadi fəallığın artmasına töhfə verəcək.
Politoloq Rəşad Bayramov EDnews-a açıqlamasında bildirib ki, Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mülkiyyət hüquqlarının hüquqi cəhətdən təsbitinə dair hazırlanan qanun layihəsi yalnız formal hüquqi yenilik kimi deyil, eyni zamanda post-münaqişə mərhələsinin ən mühüm sosial və iqtisadi islahat istiqamətlərindən biri kimi dəyərləndirilə bilər.

“Bu təşəbbüs insanların həyat modelini dəyişəcək”
Onun sözlərinə görə, təşəbbüs uzun illər müvəqqəti məskunlaşma şəraitində yaşayan insanların həyat modelini dəyişərək onların daimi yaşayışa əsaslanan yeni sosial reallığa inteqrasiyasını nəzərdə tutur.
“Mülkiyyət hüququ iqtisadi canlanmanı sürətləndirəcək”
Politoloq qeyd edib ki, mülkiyyət hüququnun qanunvericilik səviyyəsində dəqiqləşdirilməsi və təmin olunması iqtisadi fəallığın güclənməsinə şərait yarada bilər:
“İnsanlar yaşadıqları daşınmaz əmlak üzərində hüquqi təminat əldə etdikcə, həmin ərazilərə sərmayə yatırmaq, kiçik sahibkarlıq fəaliyyəti qurmaq və kənd təsərrüfatı potensialından daha geniş istifadə etmək imkanlarına daha çox üstünlük verirlər. Bu da Qarabağ və Şərqi Zəngəzurda iqtisadi canlanmanı sürətləndirən mühüm amillərdən biri kimi çıxış edir”.
“İnvestisiya mühitinə müsbət təsir göstərəcək”
R.Bayramovun fikrincə, hüquqi baxımdan aydın və sabit mülkiyyət münasibətləri dövlət və özəl sektor üçün riskləri azaldır, nəticədə infrastruktur, turizm və kənd təsərrüfatı sahələrinə investisiya axını daha da artır.
“Demoqrafik balansın bərpasına töhfə verəcək”
Politoloq vurğulayıb ki, mülkiyyət hüququnun möhkəmləndirilməsi sosial strukturun formalaşmasına da ciddi təsir göstərir:
“Mülkiyyət hüququ ilə təmin olunmuş icmalarda insanlar daha güclü sosial bağlar qurur, təhsil və səhiyyə xidmətlərinə daha aktiv inteqrasiya olunur, yerli idarəetmə sistemlərində iştirak səviyyəsi yüksəlir. Bu proses bütöv icmaların sabitləşməsinə və bölgədə demoqrafik balansın bərpasına şərait yaradır”.
Ekspertin qənaətinə görə, sözügedən qanun layihəsi Böyük Qayıdış Proqramı üçün yalnız hüquqi deyil, həm də strateji baxımdan mühüm dönüş nöqtəsi hesab oluna bilər.
İbrahim Əzizov | EDnews

.jpg)




.jpg)
