Ermənistan 7 iyun parlament seçkilərinə təkcə daxili siyasi rəqabət şəraitində getmir.
Bu seçki həm də ölkənin gələcək geosiyasi istiqaməti baxımından ciddi sınaq kimi qiymətləndirilir. Bir tərəfdə Avropa İttifaqı ilə yaxınlaşmaq istəyən Paşinyan hakimiyyəti, digər tərəfdə isə Ermənistanda təsir imkanlarını itirmək istəməyən Rusiya dayanır.
Politoloq Aytən Qurbanova bu barədə EDnews-a açıqlamasında bildirib ki, Ermənistan cəmiyyətinin böyük hissəsi, xüsusilə də hələ qərarını verməmiş seçici kütləsi Rusiyanın təzyiqlərinə məruz qalmadan seçim etməlidir.

Onun sözlərinə görə, erməni seçicilərin sülh gündəliyinə və regional normallaşma prosesinə üstünlük verməsi Ermənistan üçün daha əlverişli gələcəyin formalaşmasına gətirib çıxara bilər.
“Çünki hər şeyin alternativi ola bilər, amma sülhün alternativi yoxdur. İndiki mərhələdə Ermənistan siyasətində Paşinyandan daha çox sülh gündəliyinə yaxın olan namizəd görünmür”, - deyə politoloq bildirib.
Onun sözlərinə görə, keçmiş xunta rejimini təmsil edən Robert Koçaryan və ya Rusiyanın təsiri altında olan Samvel Karapetyan Ermənistan dövlətçiliyinin gələcəyi və ölkənin regional münasibətlərə inteqrasiyası baxımından müsbət nəticələr vəd edən platformaya sahib deyil.
Politoloq qeyd edib ki, Rusiya-Ermənistan münasibətləri seçkiöncəsi dövrdə Ermənistanda qarışıqlıq və ajiotaj yaratmaqla yanaşı, seçkidən sonrakı mərhələdə də ciddi siyasi proseslərə yol aça bilər. Seçkilərin nəticəsindən asılı olaraq, Ermənistan cəmiyyəti üçün kifayət qədər çətin mərhələ başlaya bilər.
“Rusiya heç də asanlıqla Ermənistandakı dayaqlarını itirmək istəmir. Bu gərginliyin əsas səbəbi də Paşinyan hökumətinin Qərbə inteqrasiya və Avropa İttifaqı ilə münasibətlərin normallaşdırılması adı altında Rusiyanın təzyiq və diktəsindən uzaqlaşmaq cəhdlərinin Putin administrasiyası tərəfindən birmənalı şəkildə rədd edilməsidir”, - deyə Aytən Qurbanova bildirib.
Beləliklə, Rusiya-Ermənistan münasibətlərindəki gərginlik artıq sadəcə diplomatik narazılıq çərçivəsindən çıxıb. Moskva İrəvana açıq şəkildə xatırladır ki, Avropa istiqamətində hər addımın iqtisadi və siyasi nəticələri ola bilər. Xüsusilə qaz qiymətləri, kənd təsərrüfatı məhsullarının ixracı və Rusiyada yaşayan ermənilərin hüquqi statusu Ermənistan üçün həssas mövzular olaraq qalır.
Əsas sual isə budur: Ermənistan bu təzyiqlər qarşısında geri çəkiləcək, yoxsa Qərbə inteqrasiya xəttini davam etdirəcək? Cavab yalnız Paşinyan hakimiyyətinin mövqeyindən deyil, həm də 7 iyunda seçicinin verəcəyi qərardan asılı olacaq.
Aysel Hacıyeva

.jpg)


.jpg)


