Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumlarda vakant vəzifələrin tutulması məqsədilə keçirilən imtahan mərhələsindən ən azı 70 faiz nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.
EDnews xəbər verir ki, bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat katibi Fidan Seyidşahqızı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, imtahan mərhələsi 100 dəqiqə davam edib. Namizədlər təqdim olunan sualların ən azı 70 faizini düzgün cavablandırdıqları halda müvəffəqiyyətli hesab olunurlar.
“Sualların ən azı 70 faizini düzgün cavablandıran namizədlər ikinci mərhələyə — müsahibəyə buraxılırlar”, — deyə Fidan Seyidşahqızı qeyd edib.
O bildirib ki, müsahibə mərhələsi əvvəlcədən elan olunmuş proqram əsasında təşkil edilir. Bu mərhələdə namizədlərin bilik səviyyəsi, peşəkar bacarıqları və vakant vəzifəyə uyğunluğu qiymətləndirilir.
Fidan Seyidşahqızı əlavə edib ki, bəzi kateqoriyadan olan namizədlər imtahan mərhələsindən azad edilirlər. Bu şəxslərə elmlər doktoru elmi dərəcəsinə malik olanlar, azı 5 il dövlət qulluğu stajı olan dövlət qulluqçuları, peşəkar mühasib və tibbi sertifikata sahib şəxslər daxildir.
Bundan başqa, əvvəlki müsabiqələrin finalçıları, eləcə də “Gənc DOST” könüllü proqramını A sertifikatı ilə başa vuran könüllülər də imtahan mərhələsindən azad olunanlar sırasındadır.
Qeyd olunub ki, bu imtiyazlardan istifadə etmək üçün namizədlər sənəd qəbulu zamanı müvafiq təsdiqedici sənədləri sistemə yükləməlidirlər.
.jpeg)





.jpg)
