Həmyerlimiz Məleykə Hüseyn beynəlxalq nüfuza malik bir qurum olan Kitab İnstitutu ilə əməkdaşlıq çərçivəsində hazırda Polşadadır.
EDnews xəbər verir ki, Azərbaycanda doğulan Məleykə Hüseynin təhsil illəri fərqli ölkələrlə bağlıdır. O, məktəb həyatına Əfqanıstanın paytaxtı Kabil şəhərində başlayıb və 1987-ci ilə qədər burada yaşayıb. Daha sonra Bakıya qayıdaraq təhsilini 1993-cü ilə qədər doğma şəhərində davam etdirib və ardınca Türkiyəyə yollanıb. Ankarada polonistika (polyak dili və ədəbiyyatı) üzrə ali təhsil alan M. Hüseynin Polşa ilə ilk rəsmi tanışlığı isə 2000-cü ilə təsadüf edir. 2004 il Varşava Universitetinin Polonistika fakültəsində elmi təcrübə keçən tədqiqatçının peşəkar fəaliyyəti o vaxtdan etibarən Polşa ilə sıx bağlanıb.
Şərqşünas, filoloq və tarixçi olan Məleykə Hüseyn altı dildə - Azərbaycan, polyak, ingilis, rus, türk və italyan dillərində mükəmməl danışır və yazır. Onun müəllifi olduğu elmi, elmi-kütləvi, publisistik və analitik məqalələr, həmçinin bədii və elmi tərcümələr bu günə qədər Azərbaycan, Polşa, Rusiya, Türkiyə və İtaliyada işıq üzü görüb.
Zəngin tərcümə portfelinə sahib olan həmyerlimizmizin ən uğurlu işlərindən biri Nobel mükafatı laureatı Çeslav Miloşun türk dilinə qazandırdığı və 2021-ci ildə nəşr olunan "İsa vadisi" ("Dolina Issy") romanıdır. O, hazırda Kitab İnstitutunun (Polşa ədəbiyyatının təbliği ilə məşğul olan dövlət qurumu) Tərcüməçilər Kollegiyasındakı yaradıcılıq ezamiyyəti çərçivəsində Mikolay Lojinskinin "Stramer" əsərinin tərcüməsi üzərində çalışır.
Polşa ədəbiyyatının dünyada tanıdılması ilə məşğul olan Kitab İnstitutunun Krakov şöbəsi tərəfindən hazırlanan xüsusi tanıtım videosu hazırda böyük maraqla qarşılanır. Videonun baxış sayı və rəy bölməsindeki coşqu bunun bariz nümunəsidir. Çarxa şərh yazan Polşa vətəndaşları həm Polşa, həm də Azərbaycan mədəniyyətinin təbliği, eləcə də hər iki xalqın ortaq tarixinin populyarlaşdırılması istiqamətində fəəllığı böyük rəğbətlə dəstəkləyirlər. Məleykə Hüseyn bu videoda Polşa və Azərbaycanı birləşdirən XIX əsr tarixi irsinə, xüsusilə mədəniyyət və memarlıq sahələrindəki oxşar və bağlayıcı məqamlara diqqət çəkib.
Yaradıcılıq ezamiyyəti çərçivəsində xarici tərcüməçilər Polşanın aparıcı nəşriyyatları ilə görüşmə imkanı əldə ediblər.
Polşanın Krakov şəhərində baş tutan görüşlərdə Melaike Hüseyin ölkənin "Znak" və "Wydawnictwo Literackie" kimi Nobel mükafatı laureatlarının əsərlərini nəşr edən köklü və nüfuzlu nəşriyyat evlərinin nümayəndələri ilə bir araya gəlib.
Bu çərçivədə Məleykə xanım Polşanın məşhur "Znak" nəşriyyatının nümayəndəsi Eva Bolinska ilə görüş zamanı gələcək əməkdaşlığın potensial sahələri müzakirə edib, Azərbaycan dilindən tərcümə ediləcək yeni ədəbi əsərlər barədə fikir mübadiləsi aparıb.
Məleykə Hüseyn həmçinin Azərbaycanda nəşr olunan "İrs - Heritage" jurnalı ilə də yaxından əməkdaşlıq edir. Tədqiqatçı bu dərgi üçün ingilis, rus, türk və italyan dillərində intellektual düşüncənin inkişafı, publisistika, eləcə də Qafqaz, Türkiyə və İranda qadınların mövqeyinə həsr olunmuş dəyərli elmi məqalələr qələmə alır.

.png)
.png)
.png)


.png)

.png)