Ermənistan 7 iyun parlament seçkilərinə təkcə daxili siyasi rəqabət şəraitində getmir. Bu seçkilər həm də ölkənin gələcək geosiyasi kursu, Rusiya ilə münasibətləri və Azərbaycanla sülh gündəliyinin taleyi baxımından ciddi sınaq hesab olunur.
Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə yaxınlaşmaq cəhdləri, Qərblə əlaqələri genişləndirməsi və Rusiyanın diktəsindən uzaqlaşmaq istəyi Kreml tərəfindən narahatlıqla qarşılanır. Seçkilər ərəfəsində isə bu gərginlik daha açıq mərhələyə keçib.
Bu barədə EDnews-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib ki, Rusiya Ermənistan üzərində təsir imkanlarını qorumaq üçün müxtəlif mexanizmləri işə salıb.
.jpg)
Onun sözlərinə görə, Moskva təkcə hərbi varlığı ilə deyil, həm də iqtisadi, sosial və enerji asılılığı ilə bağlı məqamları gündəmə gətirməklə Paşinyan hakimiyyəti və Ermənistan cəmiyyəti üzərində təzyiq formalaşdırmağa çalışır. Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqından uzaqlaşması, Avropa İttifaqına yaxınlaşması, kənd təsərrüfatı məhsullarının ixracı, qaz tədarükü və Rusiyada yaşayan erməni əsilli şəxslərin hüquqi statusu kimi məsələləri təzyiq aləti kimi istifadə edir.
Politoloq bildirib ki, keçmiş hakimiyyət nümayəndələri və Rusiyaya yaxın siyasi fiqurlar Ermənistanın dövlətçiliyi, regional inteqrasiyası və Azərbaycanla normallaşma prosesi baxımından müsbət perspektiv vəd etmir. Əksinə, onların hakimiyyətə qayıdışı Ermənistanı yenidən qarşıdurma riski ilə üz-üzə qoya bilər.
Aytən Qurbanova hesab edir ki, hazırkı mərhələdə Ermənistan cəmiyyətinin qarşısında duran əsas seçim yalnız Rusiya və ya Qərb arasında deyil. Bu seçim həm də qarşıdurma siyasəti ilə sülh gündəliyi arasında aparılır.
“Rusiya heç də asanlıqla Ermənistandakı dayaqlarını itirmək istəmir. Bu gərginliyin əsas səbəbi də Paşinyan hökumətinin Qərbə inteqrasiya və Avropa İttifaqı ilə münasibətlərin normallaşdırılması adı altında Rusiyanın təzyiq və diktəsindən uzaqlaşmaq cəhdlərinin Putin administrasiyası tərəfindən birmənalı şəkildə rədd edilməsidir”, - deyə politoloq bildirib.
O əlavə edib ki, Ermənistan cəmiyyəti Rusiyanın təzyiqlərinə məruz qalmadan sülh gündəliyinə üstünlük verərsə, bu, ölkə üçün daha əlverişli gələcəyin formalaşmasına imkan yarada bilər.
“Çünki hər şeyin alternativi ola bilər, amma sülhün alternativi yoxdur. İndiki mərhələdə Ermənistan siyasətində Paşinyandan daha çox sülh gündəliyinə yaxın olan namizəd görünmür”, - deyə Aytən Qurbanova vurğulayıb.
Aysel Hacıyeva



.jpg)


.jpg)
