Tanınmış azərbaycanlı şair Əşrəf Veysəlli 88 yaşında dünyasını dəyişib.
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) adından Əşrəf Veysəllinin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verilib.
Bu barədə BAMF-ın prezidenti Umud Mirzəyev EDNews-a açıqlamasında bildirib.
Başsağlığında qeyd olunub:
“Azərbaycanın tanınmış şairlərindən biri, ədəbiyyatımızda öz dəst-xətti olan, Sumqayıtda ədəbiyyatın inkişafında böyük işlər görmüş, çoxlu şairlərin, nasirlərin tanınmasında əvəzsiz xidmətlər göstərən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəllinin vəfatı bizi olduqca sarsıtdı.
Füzulinin Yuxarı Veysəlli kəndindən olan şair, şeir-söz adamı olaraq təkcə Sumqayıtın yox, bütöv Azərbaycanın ədəbi mühitində seçilirdi. Əşrəf Veysəlli yaşadığı Sumqayıt şəhərində ədəbiyyat həvəskarlarına, mədəniyyət, incəsənət işçilərinə arxa-dayaq olub. O, hər zaman Sumqayıtda görülən yaxşı işləri təbliğ edib. Optimist insan olub. Onun həm şairliyi, həm də natiqliyi yüksək səviyyədə olub. Əşrəf Veysəlli ötən əsrin 50-ci illərindən etibarən ədəbi yaradıcılıqla məşğul olub. Onun poeziyasında vətən sevgisi, Qarabağ həsrəti, insan taleyi, mənəvi dəyərlər və doğma kəndə bağlılıq əsas mövzulardandır. Xüsusilə işğal dövründə doğulduğu Veysəlli kəndinə həsr etdiyi şeirlər oxucular tərəfindən sevilirdi. İlk kitabı “Qayğı” 1972-ci ildə nəşr olunmuşdu. Sonrakı illərdə “Təki səni duyan olsun” və digər kitabları işıq üzü görüb. Onun yaradıcılığı haqqında Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz və başqa görkəmli ədiblər yüksək fikirlər söyləyiblər. Əşrəf Veysəlli həm də Sumqayıtın ədəbi-mədəni mühitinin formalaşmasında fəal iştirak edib, gənc qələm adamlarının yetişməsinə dəstək verib. Bu xidmətlərinə görə müxtəlif mükafatlara, o cümlədən “Tərəqqi” medalına layiq görülüb.
Füzuli şəhəri işğaldan azad olunanda onun sevinci yerə-göyə sığmırdı. Ömrüm boyu vətən torpaqlarına vurğun adam 30 ildən sonra öz kəndini görə bilmişdi. Bu sevinci bütün Azərbaycan xalqı ilə birlikdə o da yaşayırdı.
Təəssüf ki, Əşrəf Veysəlli ömrünün 88-ci ilində vəfat etdi.
Onun vəfatı həmkarları, dostları, hər kəs üçün böyük itkidir. Dərin hüznlə bu ağır itkinin kədərini bölüşür, mərhumun doğmalarına, yaxınlarına və bu itkini yaşayan hər kəsə səmimi başsağlığı veririk.
Əşrəf Veysəllinin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq".
Dərin hüznlə,
Umud Mirzəyev
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti
.png)
.png)
.png)




.png)