Birinci Qarabağ müharibəsinin indiyədək ictimaiyyətə açıqlanmayan epizodlarından biri ilə bağlı yeni məlumat yayılıb.
EDnews xəbər verir ki, bu barədə “Minval Politika” məlumat yayıb.
Məlumata görə, Bakıda həbsdə olan erməni hərbi cinayətkarları öz ifadələrində Robert Koçaryanın Birinci Qarabağ müharibəsi zamanı erməni hərbçilərlə bağlı gizli addımlarından danışıblar.
İddialara əsasən, 1992-1993-cü illərdə Ağdərə-Kəlbəcər istiqamətində keçirilən hərbi əməliyyatlardan biri zamanı Koçaryanla Ermənistan Müdafiə Nazirliyi arasında ciddi fikir ayrılığı yaranıb. Mənbələr bildirirlər ki, Koçaryan həmin dövrdə öz mövqeyini gücləndirmək və “əvəzolunmaz” olduğunu göstərmək üçün təxminən 100 erməni hərbçisinin mühasirəyə düşməsinə şərait yaradıb.
Qeyd olunur ki, o, həmin hərbi əməliyyat barədə məlumatın Azərbaycan tərəfinə ötürülməsini təşkil edib. Nəticədə erməni hərbçilərin mühasirəyə düşdüyü və zərərsizləşdirildiyi bildirilir.
Məlumatda vurğulanır ki, Koçaryanın sonrakı siyasi fəaliyyəti də Ermənistanda ağır hadisələrlə yadda qalıb. Onun adı 1999-cu ildə Ermənistan parlamentində baş vermiş silahlı hücum, parlament sədri Karen Dəmirçyan və Baş nazir Vazgen Sarkisyanın qətlə yetirilməsi, həmçinin 2008-ci ilin martında İrəvanda etirazçılara qarşı zorakılıq hadisələri ilə bağlı müzakirələrdə tez-tez hallanır.






.jpg)
