Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi barədə iddialar əsassızdır.
Bu barədə EDnews-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Məlumata əsasən, 5 iyun tarixində “CNN World” xəbər kanalının internet səhifəsində dərc olunan məqalədə Azərbaycanla bağlı yer alan iddialara rəsmi münasibət bildirilib.
Açıqlamada qeyd olunub ki, məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, həmçinin İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunan iddialar tamamilə əsassızdır və qətiyyətlə rədd edilir.
Bildirilib ki, sözügedən iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib edilib. Bu mövqe CNN-in sorğusuna cavab olaraq əvvəlcədən redaksiyaya rəsmi qaydada təqdim olunub.
Açıqlamada vurğulanıb ki, heç bir tutarlı sübut ortaya qoyulmadan, anonim mənbələrə istinadən və Azərbaycanın rəsmi mövqeyi nəzərə alınmadan bu cür iddiaların yayımlanması jurnalistikanın obyektivlik, qərəzsizlik və peşəkar etika prinsipləri ilə ziddiyyət təşkil edir.
“Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə edilməsi barədə iddiaların heç bir əsası yoxdur. Ölkəmiz bu kimi fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək”, - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, Azərbaycan regionda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin təşviqinə sadiqdir. Bu kimi əsassız və sübuta əsaslanmayan iddialar isə növbəti dezinformasiya cəhdi kimi qiymətləndirilir.
Azərbaycan tərəfi CNN-dən əsassız iddiaların yer aldığı məqalənin təkzib edilməsini gözləyir.

.png)
.png)


.png)
.png)
.png)