Nazirlər Kabineti “Qaz təchizatı sisteminə dair Qaydalar”ı təsdiq edib.
EDnews xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bir sıra prosedurların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulsa da, sistemin tam inteqrasiyası təmin edilənədək həmin proseslərin birbaşa, poçt və ya elektron poçt vasitəsilə icra olunmasına icazə verilir.
Sənədə görə, tikinti obyektlərinin qaz şəbəkəsinə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihələrinin verilməsi şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya sistemi üzərindən elektron qaydada həyata keçiriləcək.
Yeni qaydalar “Qaz təchizatı haqqında” qanuna uyğun olaraq hazırlanıb və qaz təchizatı sahəsində planlaşdırma, istismar, təhlükəsizlik, dispetçer idarəetməsi, şəbəkələrə qoşulma və istehlakçılarla münasibətləri tənzimləyir.
Qərara əsasən, qaz qurğuları və avadanlıqları texniki reqlament tələblərinə uyğun olmalı və uyğunluğun qiymətləndirilməsi prosedurlarından keçməlidir.
Eyni zamanda “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası” ləğv edilib.








