Azərbaycanda torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi və torpaqların konsolidasiyası üçün yeni hüquqi baza formalaşdırılması nəzərdən keçirilir.
EDnews "Operativ Media"ya istinadən xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsində, Mülki Məcəllədə və bir sıra qanunlarda dəyişikliklər planlaşdırılır.
Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, kənd təsərrüfatı torpaqlarının parçalanmasının qarşısının alınması, onların birləşdirilməsi və daha səmərəli istifadəsi üçün konsolidasiya mexanizmi yaradılır.
Yeni yanaşmaya görə, torpaqların mülkiyyətçilərin razılığı və bazar dəyəri əsasında birləşdirilməsi, sərhədlərin yenidən müəyyən olunması və infrastruktur dəyişiklikləri vahid layihə çərçivəsində həyata keçiriləcək.
Eyni zamanda, kənd təsərrüfatı torpaqlarının alqı-satqısı zamanı sahələrin 5 hektardan kiçik bölünməsinə məhdudiyyət qoyulması nəzərdə tutulur.
Qanun layihəsində miras yolu ilə torpaq bölgüsü, üstün alqı hüququ və kadastr sistemində yenilənmələr kimi mexanizmlər də əksini tapıb.
Sənədin qəbulunun kənd təsərrüfatında məhsuldarlığın artırılması və torpaq resurslarının daha effektiv istifadəsinə töhfə verəcəyi bildirilir.








