Kibertəhlükəsizliyin təmin edilməsi sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə yeni inzibati cəzalar tətbiq olunacaq.
EDnews xəbər verir ki, bu dəyişiklik İnzibati Xətalar Məcəlləsinə təklif olunan layihədə əksini tapıb və Milli Məclisin müvafiq komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatların vaxtında təqdim edilməməsi, dövlət qurumlarının göstərişlərinin icra olunmaması, eləcə də monitorinq və texniki cavab tədbirlərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır.
Həmçinin informasiya infrastrukturunun kibertəhlükəsizlik tələblərinin pozulması, sorğuların müəyyən olunmuş müddətlərdə cavablandırılmaması və rəqəmsal tədqiqatlara maneə yaradılması da cərimə ilə nəticələnəcək.
Dəyişikliyə görə, vəzifəli şəxslər 500–1000 manat, hüquqi şəxslər isə 1000–2500 manat məbləğində cərimələnə bilər.
Eyni zamanda, reyestrə daxil olmadan kibertəhlükəsizlik mərkəzləri kimi fəaliyyət göstərən qurumlara da ayrıca inzibati sanksiyalar tətbiq ediləcək.








