Gələcəyin Qaydaları Yazılır: Ukrayna-Rusiya Müharibəsi bizə nə deyir?

Analitika 13:24 24.01.2025

Bəzən elə bir hadisələr yaşayırıq ki, təsirini ancaq indi və burda yox, illər sonra və planetin hər bucağında duyuruq. Ukrayna-Rusiya müharibəsi məhz belə hadisələrdəndir. Bu müharibə yalnız topların gurultusu, tankların səsi və əsgərlərin səngərlərdə apardığı mübarizə ilə yadda qalmır. Bu, həm də siyasətin, iqtisadiyyatın və texnologiyanın ən incə qatlarına nüfuz edən, beynəlxalq münasibətləri silkələyən sınaq meydanıdır.

Bu münaqişə dünya ölkələri üçün acı reallıq oldu: qlobal təhlükəsizlik sistemləri heç də həmişə gözlənilən nəticəni vermir. Enerji qaynaqlarının tükənməsi və ya manipulyasiyası yalnız iqtisadi deyil, geosiyasi fəlakətlərin də qapısını açır. Həmçinin müharibə göstərdi ki, XXI əsrin müharibəsi sadəcə döyüş meydanlarında aparılmır – kiberməkandan tutmuş sosial media platformalarına qədər bütün sahələr artıq “savaş aləti”dir.

Ukrayna-Rusiya münaqişəsi qlobal şahmat taxtasında fiqurların yerini dəyişdi, yeni müttəfiqliklər yaratdı, köhnə ittifaqları sınağa çəkdi. Qərb ölkələri bir daha həmrəy olmağa çalışdı, Çin-Rusiya yaxınlaşması isə dünyada yeni güc mərkəzlərinin formalaşacağının siqnalını verdi. Nəticədə bu münaqişə, sanki dünyanın əsas problemlərini güzgüdə göstərən metafora çevrildi – enerji təhlükəsizliyi, beynəlxalq hüququn təsirsizliyi, hərbi alyansların gücü və məhdudiyyətləri, hibrid müharibənin kompleksliyi.

Bəs biz bu müharibədən nə öyrənə bilərik? Bəzən “müharibənin dərsləri” ifadəsi ağır və ciddi səslənə bilər, amma həqiqət budur ki, bu dərslər gələcəyin siyasi qərarlarında, beynəlxalq münasibətlərdə və hətta gündəlik həyatda öz əksini tapacaq. Bu yazıda Ukrayna-Rusiya müharibəsindən çıxarılacaq 5 əsas geosiyasi dərsi fərqli bir perspektivdən, daha dinamik və daha publisistik bir baxışla təhlil etməyə çalışacağıq. Çünki bu hekayə sadəcə müharibədən ibarət deyil – bu, həm də qlobal siyasətin yenidən yazılan qanunauyğunluqlarıdır.

Dünya “boru”-nun üstündə dövr edir

Tarix boyu müharibələrdə silahlar, səngərlər və ittifaqlar mühüm rol oynayıb. Amma XXI əsrin  müharibələri fərqlidir – indi döyüş meydanlarında yalnız tanklar və toplar deyil, həm də qaz boruları və neft tankerləri qərarlaşır. Ukrayna-Rusiya müharibəsi bunu bir daha təsdiqlədi. Müharibə başladıqda dünya anladı ki, enerji yalnız iqtisadiyyatın “qan dövranı” deyil, həm də siyasi qərarların arxasındakı görünməz gücdür. Rusiya, dünyanın ən böyük enerji tədarükçülərindən biri kimi, qaz və neftdən yalnız gəlir mənbəyi deyil, həm də təsir vasitəsi kimi istifadə etdi.

Rusiyanın Avropaya qaz tədarükünü kəsməklə etdiyi təzyiq, Qərb ölkələrinin bu asılılığın nə qədər təhlükəli olduğunu dərindən anlamasına səbəb oldu. Avropanın qaz ehtiyacının təxminən 40%-i Rusiyadan gəlirdi, amma müharibə ilə bu əlaqələr risk altına düşdü. Hökumətlər alternativ enerji mənbələrini tapmaq üçün təlaşa düşdü. Almaniya, illərdir dayandırdığı kömür stansiyalarını yenidən işə saldı, Polşa ABŞ-dan maye qaz idxalını artırdı, Avropanın müxtəlif yerlərində günəş və külək enerjisi layihələri üçün milyardlarla avro ayrıldı. Bütün bu hərəkətlər göstərdi ki, müharibə təkcə cəbhədə deyil, həm də enerji bazarlarında aparılır.

Amma məsələ təkcə iqtisadi deyil. Enerji təhlükəsizliyinin itirilməsi bir ölkənin suverenliyinə və müstəqil siyasət yürütmə qabiliyyətinə birbaşa təsir edir. Rusiya qazına güvənən ölkələr bir anda özlərini çətin vəziyyətdə tapdılar. Baltikyanı ölkələrdən tutmuş Şərqi Avropaya qədər bir çox dövlət başa düşdü ki, enerji asılılığı yalnız iqtisadi deyil, həm də strateji zəiflikdir. Bəs gələcəkdə necə olacaq? Ukrayna-Rusiya müharibəsi ölkələrə enerji diversifikasiyasının vacibliyindən əlavə, həm də bərpa olunan enerjiyə keçidin strateji əhəmiyyətini göstərdi.

Bu vəziyyət eyni zamanda yeni “enerji müharibələri”nin konturlarını da cızdı. Qlobal miqyasda, xüsusilə Asiya və Afrika ölkələrində enerji uğrunda rəqabət artacaq. Bərpa olunan enerji layihələri və alternativ enerji mənbələrinin inkişaf etdirilməsi isə artıq ekoloji çağırışdan daha çox geosiyasi prioritetə çevrildi. Ukrayna-Rusiya müharibəsi bizə açıq şəkildə sübut etdi: kim enerji təchizatını idarə edirsə, o, həm də gələcəyin siyasətini formalaşdırır.

Bunu da nəzərə almaq lazımdır ki, Rusiya enerji gücündən iqtisadi təsir aləti kimi istifadə etsə də, Qərbin tətbiq etdiyi sanksiyalar da münaqişəni daha da dərinləşdirdi. Hər iki tərəf öz strategiyalarında həm effektivlik, həm də zəiflik nümayiş etdirdi.

Enerji artıq yeni dövrün “silahıdır” və bu silahı düzgün idarə etməyi bacaran ölkələr gələcəkdə həm iqtisadi, həm də geosiyasi üstünlük qazanacaq. Bu reallığı nəzərə almayan dövlətlər isə yalnız tarix kitablarında qalacaq… ya da özlərini başqa bir müharibənin mərkəzində tapacaq.

NATO: Təhlükəsizlik zəmanəti, yoxsa provokasiya vasitəsi?
Ukrayna-Rusiya müharibəsi, Qərbin təhlükəsizlik qalası hesab olunan NATO-nun real gücünü və məhdudiyyətlərini bir daha ön plana çıxardı. Ukrayna heç vaxt NATO- nun üzvü olmayıb, amma bu müharibədə onun adı sanki hər yerdə səsləndi – müharibə meydanı istisna olmaqla ,  diplomatik masalarda, silah yardımı müzakirələrində, hətta Rusiya ilə Qərb arasında yaranan gərginliyin mərkəzində. Bu, yalnız NATO üzvləri üçün deyil, həm də üzv olmayan ölkələr üçün böyük bir dərs oldu: müttəfiqlər lazımdır, amma təkbaşına ayaqda qalmağı bacarmaq daha vacibdir.

Ukrayna NATO-ya üzv olsaydı, bəlkə də Rusiya bu qədər cəsarətli olmazdı. Çünki NATO nizamnaməsinin məşhur 5-ci maddəsi - "bir üzvə hücum, hamıya hücumdur" prinsipi, istənilən hücumu kollektiv müdafiə ilə qarşılayır. Amma Ukrayna bu qalxanın altında deyil. Əvəzində, Qərb ölkələri ona silah yardımı etdi, iqtisadi dəstək göstərdi. İş birbaşa hərbi müdaxiləyə gəldikdə  isə NATO kənarda dayandı. Bu, alyansın məhdudiyyətlərini açıq şəkildə ortaya qoydu.

Ancaq NATO-nun adı burada dayanmır. Müharibə NATO-ya yeni nəfəs verdi. Şimali Atlantika alyansı illərdir müxtəlif böhranlarla üzləşirdi: Donald Tramp administrasiyası dövründə onun zəruriliyi sual altına alınmışdı, bəzi Avropa ölkələri isə NATO-nun artıq öz əhəmiyyətini itirdiyini iddia edirdi. Amma Ukraynadakı vəziyyət göstərdi ki, kollektiv təhlükəsizlik sistemi hələ də aktualdır, hətta həyati əhəmiyyət daşıyır. Polşa, Baltikyanı ölkələr və digər Şərqi Avropa dövlətləri NATO-nun mövcudluğunu yalnız siyasi deyil, həm də fiziki təhlükəsizlik zəmanəti kimi görürlər.

NATO-nun bu müharibədəki performansı isə fərqli şərhlərə yol açdı. Bir tərəfdən, NATO müharibəyə birbaşa daxil olmadan Ukraynaya dəstək göstərdi – silah yardımları, təlim proqramları və kəşfiyyat məlumatları ilə. Digər tərəfdən, müttəfiqlər arasında bəzi çatışmazlıqlar üzə çıxdı. Bəzi ölkələr – xüsusilə ABŞ, Polşa və Baltikyanı ölkələr – Ukraynaya daha aktiv dəstək göstərərkən, Almaniya və Fransa kimi dövlətlər ehtiyatlı davranmağa çalışdılar. Bu isə NATO daxilində həmrəyliyin hələ də zəif olduğunu göstərir.

Eyni zamanda NATO-nun məhdudiyyətləri başqa bir vacib məqamı üzə çıxardı: hər ölkə öz müdafiə qabiliyyətini gücləndirməlidir. Ukrayna ordusunun bu müharibədə göstərdiyi müqavimət tamamilə onların öz hərbi hazırlığına və millətin dirəniş gücünə bağlı idi. NATO üzvü olmayan bir ölkənin bu qədər uzun müddət Rusiya kimi böyük bir gücə qarşı dayana bilməsi isə beynəlxalq aləmdə təəccüblə qarşılandı. Buradan çıxarmalı olduğumuz dərs nədir? Müttəfiqlər kömək edə bilər, amma əsas mübarizəni özünüz aparmalısınız.

Bununla yanaşı, Ukrayna-Rusiya müharibəsi NATO-nun yeni üzvlük müraciətləri ilə də nəticələndi. Finlandiya və İsveç, tarixi neytrallıqlarını bir kənara qoyaraq NATO-ya üzv olmaq üçün müraciət etdilər. Bu, NATO-nun "elit klubu" kimi təsvir edilən imicini gücləndirdi, lakin eyni zamanda alyansa qarşı Rusiyanın qəzəbini daha da artırdı.

Ukrayna-Rusiya müharibəsi NATO-nun gücünü və strateji əhəmiyyətini təsdiqləsə də, onun zəif tərəflərini də göstərdi. Bu müharibə bir daha sübut etdi ki, kollektiv təhlükəsizlik sistemləri həyati önəm daşısa da, müstəqil müdafiə qabiliyyəti olmadan hər hansı bir ölkənin gələcəkdə güvənəcəyi yeganə şey öz gücü olacaq. NATO isə bu müharibədən yalnız bir alyans olaraq deyil, həm də yeni dövrün təhlükəsizlik sistemləri üçün yenidən düşünülməsi lazım olan bir model kimi çıxır.

Digər tərəfdən nəzərdən çıxarmamalıyıq ki, NATO-nun genişlənməsi Rusiya tərəfindən təhdid kimi qəbul edilsə də, bu, həmin ölkələrin öz müstəqillik hüququnu məhdudlaşdırmaq anlamına gəlmir. Eyni zamanda, Qərbin NATO vasitəsilə Rusiya ilə dialoq yaratmaq əvəzinə Rəsmi Moskvanın narahatlığını görməzdən gələrək hərbi genişlənməni prioritetləşdirməsi də gərginliyin dərinləşməyinə səbəb oldu.

Klaviatura, dron və viral videolarla döyüş qazanmaq
Ukrayna-Rusiya müharibəsi yalnız tankların cəbhədə bir-birinə toqquşduğu klassik döyüş deyil. Bu, XXI əsrin müasir müharibə konseptlərinin tətbiq edildiyi bir teatrdır. Burada səngərlərin arxasında gizlənən əsgərlər qədər, komputer ekranının arxasında oturan kiber döyüşçülər də ön plandadır. Bu müharibə bizə sübut etdi ki, müharibələr artıq sadəcə mərmilərlə deyil, həm də məlumatlarla, dezinformasiyalarla və texnologiya ilə qazanılır.

Bir tərəfdən, biz Ukrayna cəbhələrində dronların böyük rol oynadığını gördük. Kiçik, lakin yüksək texnologiyalı bu cihazlar müasir döyüşlərin əsas simvoluna çevrildi. Dronlar cəbhədəki vəziyyəti izləmək, koordinatları dəqiqləşdirmək və hətta birbaşa hücumlar həyata keçirmək üçün istifadə edildi. Həm Rusiya, həm də Ukrayna tərəfi üçün dronlar sanki yeni nəsil “hərbi kəşfiyyatçı”ya çevrildi. Xüsusilə “Bayraktar -TB2 “ kimi sistemlər, müasir texnologiyanın nə qədər böyük fərq yarada biləcəyini bütün dünyaya göstərdi. Artıq döyüşlərdə böyük tank orduları və ya böyük insan qüvvəsi deyil, texnoloji üstünlük daha böyük əhəmiyyət daşıyır.

Amma müharibə yalnız cəbhədə deyil, sosial mediada da aparılırdı. Rusiya tərəfi dezinformasiya kampaniyaları, saxta xəbərlər və manipulyasiya alətləri ilə beynəlxalq ictimaiyyətin mövqeyini dəyişməyə çalışdı. Digər tərəfdən, Ukrayna hökuməti, prezident Zelenskinin şəxsən çəkdiyi və sosial mediada yaydığı qısa videolar vasitəsilə qlobal ictimaiyyətin dəstəyini qazandı. Zelenskinin gecə vaxtı küçələrdə çəkdirdiyi videolar, Ukrayna xalqının dirənişini simvolizə edən səhnələr, TikTok və Twitter kimi platformalarda milyonlarla dəfə yayıldı. Nəticədə, sosial media müharibənin yalnız məlumat yayımı üçün deyil, həm də ictimai rəyin formalaşdırılması üçün nə qədər güclü bir alət olduğunu göstərdi.

Bundan başqa, kiberməkanda aparılan müharibə də diqqət mərkəzində idi. Rusiya kiberhücumlarla Ukraynanın əsas infrastrukturuna zərbə vurmağa çalışdı. Hədəf yalnız hökumət qurumları və banklar deyil, həm də enerji stansiyaları və nəqliyyat sistemləri oldu. Lakin Ukrayna yalnız müdafiə ilə kifayətlənmədi. Onlar da kiber mühitdə əks-hücumlara keçdi, hətta beynəlxalq haker qrupları Ukraynanın tərəfində çıxış edərək Rusiya qurumlarına hücum etdi. Buradakı dərs nədir? Müharibələr artıq yalnız fiziki sərhədlərdə yox, rəqəmsal mühitdə də aparılır.

Bir başqa aspekt isə insanların müharibəni necə qəbul etdiyidir. Bu müharibə zamanı TikTok-da yayılan döyüş videoları, viral memlər və hətta canlı yayımlar münaqişəyə fərqli çalar qatdı. Sosial media artıq yalnız məlumat platforması deyil, həm də müharibənin "reallığını" göstərən bir güzgü kimi çıxış edir. Bu, bir tərəfdən müharibənin faciələrini dünyaya göstərsə də, digər tərəfdən onu bir növ “şouya” çevirmək riski də yaradır. İnsanlar artıq döyüş meydanını yalnız xəbərlərdən deyil, öz telefonunun ekranlarından da izləyir.

Hibrid müharibə konsepti həm də siyasi və iqtisadi təzyiqləri əhatə edir. Rusiya Qərbin tətbiq etdiyi sanksiyalara qarşı öz enerji qaynaqlarını “silah” kimi istifadə etdi, Qərb isə Ukraynanı iqtisadi dəstəklə möhkəmləndirdi. Beləliklə, müharibənin iqtisadi komponenti də ön plana çıxdı. Bu, yalnız hərbi deyil, həm də strateji bir münaqişə idi.

Bunu qəbul etməliyik ki, Hibrid müharibə artıq yeni normaya çevrilib. Burada qalib gəlmək üçün yalnız hərbi güc kifayət etmir – texnologiya, sosial media strategiyası və rəqəmsal təhlükəsizlik bu müasir döyüşlərin əsas tərkib hissələridir. Ukrayna-Rusiya müharibəsi bir daha göstərdi ki, gələcək müharibələr artıq tamamilə fərqli qaydalarla oynanılacaq və bu qaydaları pozmağı bacaran tərəf qalib gələcək.

Qanunlar kimin üçün yazılır?
Ukrayna-Rusiya müharibəsi eyni zamanda beynəlxalq hüququn reallıqla ziddiyyət təşkil etdiyi teatr oldu. Qanunlar var, konvensiyalar mövcuddur, beynəlxalq məhkəmələr işə hazırdır – amma müharibə meydanında və siyasi masalarda bunların hamısı sanki yalnız kağız üzərində qalır. Rusiya kimi böyük bir gücün açıq şəkildə başqa bir ölkənin ərazi bütövlüyünü pozması beynəlxalq hüququn nə qədər məhdud və təsirsiz olduğunu bir daha nümayiş etdirdi. Ən acı ironiya isə budur: bütün bunlar “müharibəni qanuniləşdirən” heç bir qanunun olmadığını gözlər önünə sərdi. Bəs beynəlxalq hüququn səhvi harada idi?

İlk dərs odur ki, beynəlxalq hüquq yalnız sanksiyalar və qınaqlarla dayanmır. Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi qurumlar, Təhlükəsizlik Şurasının qətnamələri, Haaqa Məhkəməsi və digər mexanizmlər müharibəni dayandırmağa kifayət etmədi. Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü olduğu üçün veto hüququndan istifadə edərək əleyhinə qəbul ediləcək bütün qərarları blokladı. Bu isə bir daha göstərdi ki, beynəlxalq hüququn əsas təməli olan ədalət, böyük güclərin əlində bir vasitədir. Dərs: Əgər oyun qaydalarını güclülər müəyyənləşdirirsə, zəiflər üçün “oyun” yoxdur.

Sanksiyalar başqa bir vacib sualı gündəmə gətirdi: iqtisadi təzyiq həqiqətən effektivdir? Qərb dövlətləri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etdi – enerji ixracına məhdudiyyətlər, bank sistemindən çıxarma (SWIFT), lüks malların idxalına qadağalar və s. Lakin bu sanksiyalar müharibəni dayandırmadı. Əksinə, Rusiya alternativ iqtisadi əlaqələr quraraq özünü uyğunlaşdırdı. Rəsmi Moskva Çin, Hindistan və digər dövlətlər ilə münasibətləri gücləndirərək, sanksiyaların təsirini minimuma endirdi. Bu isə beynəlxalq hüququn iqtisadi alətlərinin nə qədər məhdud olduğunu göstərdi. Bəli, sanksiyalar iqtisadi təsir yaradır, amma siyasi qərarları dəyişməkdə həmişə kifayət qədər təsirli olmur.

Bir başqa məsələ isə suverenlik anlayışının yenidən dəyərləndirilməsidir. Beynəlxalq hüquq ölkələrin ərazi bütövlüyünü toxunulmaz elan edir. Amma bu prinsip Ukrayna üçün tətbiq edilməli olduğu halda, Rusiya bunu tamamilə görməzdən gəldi. Krımın ilhaqından başlayaraq Donetsk və Luqanskda separatçılara dəstək göstərmək, sonda isə genişmiqyaslı işğal – bütün bunlar beynəlxalq hüququn ancaq nəzəri olaraq mövcud olduğunu, praktiki olaraq çox zəif olduğunu sübut etdi. Buradakı əsas sual budur: Əgər beynəlxalq hüquq tətbiq edilə bilmirsə, bu hüquq nə üçündür?

Eyni zamanda bu müharibə göstərdi ki, beynəlxalq hüquq həm də güc oyununun alətinə çevrilə bilər. Qərb ölkələri beynəlxalq hüququn pozulmasını qınadı və Ukraynanı dəstəklədi, amma bəzi ölkələr bu mövqeyi bölüşmədi. Rusiya isə özünü haqlı çıxarmaq üçün müxtəlif hüquqi arqumentlər irəli sürdü, NATO-nun genişlənməsi ilə öz milli təhlükəsizliyinin təhdid edildiyini iddia etdi. Bu isə beynəlxalq hüququn siyasi maraqlardan asılı olduğunu göstərdi. Qərbin dəfələrlə hüququ müdafiə etməsinə baxmayaraq,  yaxın keçmişdə baş vermiş  İraq və Əfqanıstan müharibələri kimi hadisələrdə qərbin də beynəlxalq hüququ pozduğunun şahidi olmuşduq. Bu isə beynəlxalq hüququn subyektlərdən asılı olaraq tətbiq olunduğu qənaətini yaratdı.

Vəziyyəti analiz edərkən görürük ki, beynəlxalq hüququn təkmilləşdirilməsi ehtiyacı ortaya çıxır. Bu müharibə göstərdi ki, Təhlükəsizlik Şurası kimi qurumlar yenidən formalaşdırılmalıdır, xüsusilə daimi üzvlərin veto hüququ məsələsində dəyişikliklər edilməlidir. Əks halda, beynəlxalq hüquq yalnız “qüdrətlilər üçün məhkəmə, zəiflər üçün qanun” prinsipinə xidmət edəcək.

Fundamental nöqteyi-nəzərdən beynəlxalq hüquq həm Rusiya, həm də Qərb üçün bir alət kimi istifadə edildi. Rusiya hüququ öz maraqlarına uyğun izah edərək pozdu, Qərb isə keçmişdəki ziddiyyətli hərəkətləri səbəbilə bu hüququn tətbiqində qərəzli göründü.

Ukrayna-Rusiya müharibəsi beynəlxalq hüququn nə qədər zəif, amma vacib olduğunu ortaya qoydu. Bu hüquq sisteminin təkmilləşdirilməsi və gücləndirilməsi yalnız kiçik dövlətlərin yoxl, həm də beynəlxalq sabitliyin təminatı üçün zəruridir. Amma sual açıq qalır: Qlobal oyunçular həqiqətən bu hüququ gücləndirmək istəyirmi, yoxsa yalnız öz maraqlarına xidmət etmək üçün saxlayacaqlar? Bu suala cavab tapılmasa, “beynəlxalq hüquq” gələcəkdə arxaik terminə çevriləcək.

Multipolyar dünyanın astanasında
Ukrayna-Rusiya müharibəsi təkcə regional münaqişə deyil. Məsələyə geosiyasi prizmadan baxsaq,görərik ki, bu münaqişə həm də qlobal güc balansında ciddi dəyişikliklərin başlanğıcıdır. Bu müharibə sadəcə iki ölkə arasında deyil, Qərb və Şərq, NATO və Avrasiya, demokratiya və avtoritarizm arasında daha böyük bir mübarizənin tərkib hissəsinə çevrildi. Dünya artıq soyuq müharibə dövründən sonra yaranmış unipolyar sistemdən uzaqlaşıb, multipolyar nizama doğru irəliləyir. Bu yeni nizam daha çox sabitlik gətirəcək, yoxsa xaosa səbəb olacaq? Bu, müharibədən çıxarılacaq ən böyük dərslərdən biridir.

ABŞ və Avropa İttifaqı bu müharibədə Ukraynanın arxasında dayanaraq bir daha göstərdilər ki, Qərb hələ də qlobal gücün əsas oyunçularından ən azı biridir. ABŞ-ın hərbi yardımları, Avropanın iqtisadi dəstəyi və diplomatik təzyiqi Ukraynanın müqavimətini gücləndirdi. Amma eyni zamanda, bu, Rusiya və Çin kimi ölkələrin Qərbə qarşı daha yaxınlaşmasına səbəb oldu. Çin bu müharibədə birbaşa iştirak etməsə də, Rusiya ilə iqtisadi və siyasi əlaqələrini dərinləşdirdi. Bu isə yeni güc blokunun formalaşdığını göstərir.

Bu müharibə Qərb ölkələrinin gücünü təsdiqləməklə yanaşı, onların zəif tərəflərini də üzə çıxardı. Avropa İttifaqı daxilində enerji böhranı, iqtisadi sanksiyaların təsiri və müharibənin siyasi nəticələri ilə bağlı parçalanma əlamətləri göründü. Almaniya və Fransa kimi ölkələr Rusiya ilə diplomatik əlaqələri qorumağa çalışsa da, Polşa və Baltikyanı ölkələr daha sərt mövqedən çıxış etdilər. Bu fikir ayrılıqları, Qərbin birliyi və NATO-nun həmrəyliyi ilə bağlı suallar doğurdu.

Digər tərəfdən, bu müharibə Asiyanın artan gücünü bir daha təsdiqlədi. Çin, Hindistan və digər güc  mərkəzləri fərqli yanaşma nümayiş etdirdilər. Çin, Qərb sanksiyalarını dəstəkləməyərək Rusiyaya qarşı neytral bir mövqe sərgilədi, lakin eyni zamanda öz iqtisadi maraqlarını qorumaq üçün münaqişəni diplomatik şəkildə idarə etməyə çalışdı. Hindistan isə bir tərəfdən Rusiya ilə tarixi əlaqələrini qoruyub saxlamağa çalışdı, digər tərəfdən Qərblə ticarət əlaqələrini genişləndirdi. Bu isə müharibənin təkcə Avropa deyil, qlobal səviyyədə güc balansını necə dəyişdirdiyini göstərir.

Eyni zamanda, bu müharibə inkişaf etməkdə olan ölkələrə də dərs oldu. Ukrayna və Rusiya arasında baş verən bu münaqişə Afrikada, Cənub-Şərqi Asiyada və Latın Amerikasında ərzaq təhlükəsizliyi, enerji qiymətlərinin artımı və qlobal iqtisadi böhran yaratdı. Bu ölkələr artıq yalnız güc bloklarından birini seçməkdən daha çox, öz müstəqilliklərini qorumaq üçün yeni strategiyalar hazırlamalıdırlar. Multipolyar dünya nizamında kiçik ölkələrin “kimin tərəfindəsən?” sualı ilə qarşılaşması onların siyasi seçimlərini daha da çətinləşdirir.

Bəs bu multipolyar nizamı gələcəyə dair nə vəd edir? Ukrayna-Rusiya müharibəsi göstərdi ki, yeni dünya düzəni artıq tək bir gücün – nə ABŞ-ın, nə də Çinin – tam hökmranlığı altında olmayacaq. Bunun əvəzinə, müxtəlif mərkəzlər arasında mübarizə, əməkdaşlıq və qarşıdurmaların olduğu bir dünya düzəni yaranır. Amma bu, daha çox sabitlik gətirəcəkmi? Yoxsa hər bir güc mərkəzi öz maraqlarını qorumaq üçün rəqabəti artıraraq, qlobal siyasəti daha da mürəkkəbləşdirəcək?

­Ukrayna-Rusiya müharibəsi bizə göstərdi ki, multipolyar dünya düzəni artıq qaçınılmazdır. Bu yeni sistem, beynəlxalq münasibətləri daha mürəkkəb və qeyri-müəyyən edir. Amma burada ən böyük dərs budur: sabitlik üçün yalnız böyük güclərin deyil, həm də kiçik dövlətlərin və regional təşkilatların rolu vacibdir. Hər bir ölkə öz yerini tapmağa çalışarkən, gələcəyin qlobal siyasəti bir şahmat oyununa bənzəyir – hər bir fiqur həm təhlükədədir, həm də fürsətlərlə doludur. Bu sualları  yalnız zaman cavablandıracaq.

Şahlar RUHİ

 

 

Bakıda restoranın fəaliyyəti dayandırıldı - VİDEO

Xəbər xətti

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"
16:53 12.02.2025
Rusiya Sudanda Hərbi Dəniz Bazası quracaq
14:23 12.02.2025
"Qəzza Türkiyə muxtariyyəti olmalıdır"
13:54 12.02.2025
Ərdoğan İndoneziya Prezidentinə "Togg" hədiyyə etdi
13:45 12.02.2025
"Azərbaycan bizə dəstəyi əməldə göstərib"
13:41 12.02.2025
Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı qərar verdi
13:24 12.02.2025
Bəzi Texniki Müayinə Mərkəzlərinin iş qrafiki dəyişdi
13:03 12.02.2025
Yunanıstan yeni prezidenti seçildi
12:59 12.02.2025
Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib
12:38 12.02.2025
"Süni intellekt sahəsində əməkdaşlıq siyasiləşdirilməməlidir"
12:07 12.02.2025
Azərbaycanla Somali arasında imzalanmış 4 sənədin mübadiləsi baş tutub
12:04 12.02.2025
Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub
11:17 12.02.2025
" Tramp ABŞ-ın bəzi konsulluqlarını bağlamaq istəyir"
11:11 12.02.2025
"Disney" filmlərində LGBT və azlıqların təbliği dayandırılacaq
11:05 12.02.2025
Məktəblərin I sinfinə qəbul qaydaları dəyişir
10:57 12.02.2025
"Yeni "Milli Standartlaşdırma Proqramı” formalaşdırılır"
10:55 12.02.2025
"Çin və ABŞ arasında qarşıdurmanın deyil, əməkdaşlığın olması bütün ölkələrin xeyrinə olacaq"
10:18 12.02.2025
"Biz vədlərimizə əməl edirik"
10:16 12.02.2025
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
09:09 12.02.2025
Çin səddinin kosmosdan görüntüsü paylaşıldı
08:22 12.02.2025
Timsahlar sərxoş adamı parçaladılar
08:17 12.02.2025
"Changan" və "Dongfeng" birləşəcək
06:35 12.02.2025
"Nissan" və " Honda" niyə razılaşa bilmədi?
06:14 12.02.2025
" Fransanın kifayət qədər qırıcısı yoxdur"
00:23 12.02.2025
"Qəzzanın yenidən qurulması əhali köçürülmədən aparılmalıdır"
00:12 12.02.2025
İsrail ordusu Qəzza ətrafında döyüş hazırlığını artırıb
22:15 11.02.2025
Köpək balığı turistlərə hücum etdi
21:23 11.02.2025
“ABŞ üçün əsas təhlükələr qeyri-qanuni miqrantlar və Çindən gəlir”
20:12 11.02.2025
"ABŞ Avropadakı qoşunlarının sayını azaltmayacaq"
20:02 11.02.2025
Tramp Zelenskidən 500 milyard tələb etdi
19:21 11.02.2025
ABŞ Ukraynaya qoşun göndərməyəcək
17:52 11.02.2025
- Kibertəhlükəsizliyimiz hansı səviyyədədir?
17:08 11.02.2025
Somali Prezidenti Azərbaycana rəsmi səfərə yola düşdü
16:37 11.02.2025
"Makron və Mask arasındakı münasibətlər pisləşib"
16:23 11.02.2025
"Best Beef" nişanlı " Ocaq" sosislərinin satışı qadağan olundu
16:19 11.02.2025
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş" təsdiqləndi
16:09 11.02.2025
Metro stansiyalarına yeni adlar veriləcək
16:07 11.02.2025
"USAID Serbiya prezidentinin devrilməsini maliyyələşdirib"
15:27 11.02.2025
“Azərpoçt” Kiberdələduzların növbəti fırıldağı ilə bağlı vətəndaşlara müraciət etdi
15:13 11.02.2025
Sığınacağa yerləşdirilən uşağın qohumları Azərbaycan Uşaqlar Birliyini intiharla hədələyir
15:09 11.02.2025
Hamısı