Azərbaycan ilə Xorvatiya arasında formalaşmış dostluq və əməkdaşlıq münasibətləri qarşılıqlı səviyyədə dərinləşməkdə davam edir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın Baş naziri Andrey Plenkoviçə ünvanladığı təbrik məktubunda bildirib.
EDnews xəbər verir ki, məktubda Prezident Əliyev Xorvatiyanın Dövlətçilik Günü münasibətilə Baş naziri və xalqını təbrik edib, ölkələrimiz arasında əlaqələrin xoş ənənələr üzərində qurulduğunu qeyd edib.
Dövlət başçısı məktubda vurğulayıb ki, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, eləcə də müntəzəm təmaslar ikitərəfli münasibətlərin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəmin yaradır. O, xüsusilə iqtisadi-ticari, humanitar və minatəmizləmə sahələrində mövcud uğurlu işbirliyinə diqqət çəkib.
Prezident İlham Əliyev həmçinin enerji sektorunda tərəfdaşlığın yeni müstəviyə keçdiyini və bu sahədəki əməkdaşlığın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini bildirib.
“İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız və strateji tərəfdaşlığımız bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da güclənəcəkdir”, – deyə Prezident məktubunda qeyd edib.
Sonda dövlət başçısı Baş nazir Plenkoviçə ən xoş arzularını çatdırıb, Xorvatiya xalqına əmin-amanlıq və rifah arzulayıb.
Fatimə Şükürova // EDnews