Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında vizasız rejimə dair mühüm diplomatik sənəd rəsmi şəkildə təsdiqlənib. Milli Məclisin mayın 30-da keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" səsverməyə çıxarılaraq qəbul olunub.
Bu saziş hər iki ölkənin ümumvətəndaş pasportu olan vətəndaşlarına qarşı tərəfin ərazisinə viza tələb olunmadan daxil olmağa imkan yaradır. Beləliklə, Azərbaycan və Çin vətəndaşları vizasız olaraq qarşı tərəfdə hər dəfə maksimum 30 gün olmaqla, ardıcıl 180 gün ərzində ümumilikdə 90 günə qədər qala biləcəklər.
Qeyd edilməlidir ki, saziş yalnız qısamüddətli səfərləri əhatə edir. 30 gündən artıq qalmaq, yaşamaq, işləmək, təhsil almaq, media fəaliyyəti və digər icazə tələb edən sahələrdə çalışmaq istəyən şəxslər əvvəlcədən viza və müvafiq icazə sənədləri əldə etməlidirlər.
Sənədə əsasən, o, tərəflərin daxili prosedurları tamamlayaraq diplomatik kanallar vasitəsilə təqdim etdikləri yazılı bildirişin qarşı tərəf tərəfindən alındığı tarixdən 30 gün sonra qüvvəyə minir. Sazişin ləğv edilməsi halında isə bu, 90 gün sonra hüquqi qüvvəsini itirəcək.
Tərəflər arasında bu cür addımların atılması iki ölkə arasında qarşılıqlı etimadın və əməkdaşlığın daha da dərinləşdiyini nümayiş etdirir. Eyni zamanda, vizasız rejim turizm, biznes və mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcək.
Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməsi fonunda bu sazişin təsdiqi növbəti mərhələyə keçidin göstəricisidir. Bu cür diplomatik razılaşmalar iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır.
Fatimə Şükürova // EDnews