İsrailin müdafiə naziri İsrael Katz ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Witkoff tərəfindən təqdim olunan girov razılaşması planının rədd olunacağı təqdirdə, HƏMAS hərəkatının tamamilə məhv ediləcəyi ilə hədələyib.
"EDnews" xəbər verir ki, Katz bu fikirləri özünün X sosial şəbəkəsindəki paylaşımında bildirib:
“Həmas qatilləri indi seçim etməlidirlər: ya girovların azad olunması ilə bağlı “Witkoff sövdələşməsi”nin şərtlərini qəbul etməli, ya da məhv edilməlidirlər.”
Nazir həmçinin qeyd edib ki, İsrail Müdafiə Qüvvələri (İD) hazırda Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatları davam etdirir:
“İD Qəzzada HƏMAS-ın qalalarını hədəfə alır, zərbələr endirir və tam şəkildə darmadağın edir. Əməliyyat zamanı mülki əhalinin təhlükəsiz şəkildə döyüş bölgələrindən çıxarılması təmin edilir. Eyni zamanda əsgərlərimizin müdafiəsi üçün havadan, qurudan və dənizdən görünməmiş miqyasda hücumlar həyata keçirilir.”
Katz əlavə edib ki, Rafah modelinə uyğun olaraq, HƏMAS-ın mövqeləri tam şəkildə təmizləndikdən sonra bölgədəki bütün təhdidlər aradan qaldırılacaq və ərazi üzərində nəzarət davam etdiriləcək.
Xatırladaq ki, HƏMAS cümə günü son atəşkəs təklifilə bağlı məsləhətləşmələr apardığını təsdiqləyib. Bu, bölgədə sülh və münaqişənin gələcək mərhələsi ilə bağlı növbəti qərarların formalaşmasında mühüm rol oynaya bilər.
Fatimə Şükürova // EDnews