Rusiya NATO və Avropa İttifaqının 2030-cu ilə qədər Moskva ilə mümkün hərbi qarşıdurmaya hazırlaşdığını iddia edib.
EDnews xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Rusiya mətbuatına açıqlamasında bildirib.
Qruşkonun sözlərinə görə, Moskva öz müdafiə planlarını Qərbdən gələ biləcək potensial təhdid ssenariləri əsasında formalaşdırır. O, Avropanın təhlükəsizlik arxitekturasının yenidən Rusiya əleyhinə əsaslar üzərində qurulduğunu iddia edib.
"Biz NATO və Avropa İttifaqı ölkələrinin 2030-cu ilə qədər Rusiya ilə hərbi qarşıdurmaya faktiki olaraq hazırlaşdığı reallığından çıxış edirik. Avropa İttifaqı və Şimali Atlantika Alyansının əsas məqsədi Rusiyanı strateji məğlubiyyətə uğratmaqdır", - deyə Qruşko bildirib.
Rusiya rəsmisi qeyd edib ki, Moskva bu qiymətləndirmələrə uyğun olaraq həm hərbi potensialını, həm də təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirir.
Rusiya xarici işlər naziri Sergey Lavrov da daha əvvəl "Ukrayna, Avropa və Qlobal Təhlükəsizlik" adlı məqaləsində oxşar fikirlər səsləndirmişdi. O, Avropa ölkələrinin Rusiya ilə mümkün qarşıdurmaya hazırlığı sürətləndirdiyini iddia edib.
Lavrov, həmçinin NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma riskinin artdığını bildirərək, belə bir ssenarinin qısa müddətdə nüvə müharibəsinə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.







