“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri Rusiyaya təzyiqin gücləndirilməsi, o cümlədən neft-qaz sektoruna qarşı sanksiyaların sərtləşdirilməsi barədə razılığa gəliblər.
EDnews xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, razılıq G7 sammiti çərçivəsində Ukraynadakı vəziyyətə həsr olunmuş iclasda əldə olunub. İclasda Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib.
Financial Times-a danışan fransalı diplomatik mənbənin sözlərinə görə, G7 liderləri Moskva üzərində təzyiqin artırılmasını, o cümlədən Rusiya neft və qaz ixracına qarşı əlavə məhdudiyyətlərin tətbiqini dəstəkləyiblər.
Sammit zamanı Zelenski Qərb tərəfdaşlarını Ukraynaya hava hücumundan müdafiə vasitələrinin tədarükünü artırmağa və Patriot raketlərinin ölkə daxilində istehsalına lisenziya verilməsi məsələsinə baxmağa çağırıb. Ukrayna tərəfi hesab edir ki, mövcud silah tədarükləri ölkənin mülki infrastrukturuna yönələn hücumların qarşısını almaq üçün kifayət etmir.
Bundan əlavə, Financial Times yazır ki, ABŞ yaxın günlərdə Rusiya neftinə qarşı daha sərt sanksiya rejiminə qayıda bilər. Vaşinqtonun daha əvvəl təqdim etdiyi möhlətin müddəti iyunun 17-də başa çatır. ABŞ Prezidenti Donald Tramp isə həmin möhlətin yenidən uzadılmayacağını istisna etməyib.
Aysel Hacıyeva | EDnews









