Ukrayna Prezidenti Vladimir Zelenski G7 liderləri ilə görüşdə ABŞ Prezidenti Donald Trampla apardığı müzakirələrin detallarını açıqlayıb.
EDnews xəbər verir ki, bu barədə "RBK"-Ukrayna Zelenskinin jurnalistlərə açıqlamasına istinadən məlumat yayıb.
Zelenski bildirib ki, G7 sammitində iştirak edən bütün liderlər Ukraynaya dəstəklərini təsdiqləyib və Rusiyanın mülki infrastruktura son hücumlarını pisləyiblər.
Ukrayna Prezidentinin sözlərinə görə, G7 liderləri Rusiyanın müharibəni başa çatdırmağa hazır olduğunu görmürlər.
“Hər kəs hesab edir ki, istənilən halda müharibə dayandırılmalıdır. Hamı görür ki, Rusiya tərəfində belə bir istək yoxdur. İlk növbədə Putin bunu bitirmək istəmir, amma onu buna məcbur etmək lazımdır”, - deyə Zelenski bildirib.
O əlavə edib ki, tərəfdaşlar Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsini, xüsusilə də “kölgə donanması”na qarşı tədbirlərin artırılmasını dəstəkləyirlər.
Zelenski ABŞ Prezidenti Donald Trampla görüşdə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələsini də müzakirə etdiklərini deyib.
“Biz Ukraynaya nəyin lazım olduğu barədə danışdıq. Hava hücumundan müdafiə məsələsini hamı qəbul edir, hamı kömək edəcək. Bütün G7 ölkələri müdafiəmizi gücləndirmək üçün çalışacaq”, - deyə Ukrayna Prezidenti qeyd edib.
Onun sözlərinə görə, Ukrayna və ABŞ komandaları antiballistik sistemlərin və raketlərin istehsalı üçün lisenziyaların alınması imkanları üzərində də işləyəcəklər.
Sammitdə Ukraynanın növbəti istilik mövsümünə hazırlığı da ayrıca müzakirə edilib.
Zelenski tərəfdaşlara “qış paketi” adlandırılan dəstək planını təqdim etdiyini bildirib. Bu paket enerji sektoruna əlavə yardım, yanacaq tədarükü və kritik infrastrukturun qorunmasını nəzərdə tutur.
Ukrayna Prezidentinin sözlərinə görə, Kanada, Yaponiya, Almaniya və digər tərəfdaş ölkələr bu istiqamətdə dəstək ifadə ediblər.
Zelenski həmçinin bildirib ki, Fransa Rusiya dron hücumlarından sonra Çernobıl AES-də qoruyucu sarkofaqın bərpasına kömək edəcək.
Bundan başqa, İsveçrə Rusiya zərbələri nəticəsində zərər görmüş Kiyev-Peçersk Lavrasının obyektlərinin bərpasına qoşulacaq.
Ukrayna liderinin sözlərinə görə, G7 iştirakçıları Ukraynanın Avropa İttifaqına inteqrasiyasına dəstəklərini də təsdiqləyiblər.
Zelenski bildirib ki, tərəfdaşlar danışıqlar klasterlərinin açılmasını ədalətli addım hesab edirlər və Ukraynanın Avropa İttifaqına üzvlük yolunda irəliləməsi üçün maneə görmürlər.
Qeyd edək ki, iyunun 16-da Fransada G7 sammiti keçirilir. Sammitdə Ukrayna Prezidenti Vladimir Zelenski də iştirak edir.
Daha əvvəl Zelenski Rusiya Prezidenti Vladimir Putinə sammit çərçivəsində görüşməyi təklif etdiyini bildirmişdi. Ukrayna tərəfinin bu təklifi əvvəlcədən Moskvaya çatdırdığı qeyd olunur.
Kreml isə təşəbbüsə münasibət bildirib. ABŞ Prezidenti Donald Tramp da Zelenski ilə görüşdən əvvəl Ukraynada müharibənin başa çatdırılması ilə bağlı açıqlama verib.







