Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Fransanın Azərbaycana qarşı fəaliyyətləri ilə bağlı açıqlama yayıb.
EDnews xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Komissiyanın açıqlamasında bildirilir ki, aparılan monitorinqlər və empirik təhlillər nəticəsində Fransa Respublikasının Azərbaycan Respublikasına qarşı hibrid təhdidlərin geniş spektrli komponentlərini ehtiva edən fəaliyyətlərinin hələ də davam etdiyi müəyyən edilib.
Qeyd olunub ki, xüsusilə Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı Zəfərdən sonra Fransa tərəfi diplomatik çərçivəni aşaraq, regiondakı maraqlarını təmin etmək məqsədilə müxtəlif vasitələr, platformalar və alətlərdən istifadə etməklə Azərbaycana qarşı hibrid təhdidlər yaratmağa çalışır.
Komissiyanın mövqeyinə görə, Azərbaycan və Ermənistan arasında müşahidə olunan kövrək sülh prosesinə zərbə vuran iddialar, beynəlxalq təsisatlarda səsləndirilən birtərəfli mövqelər, Fransa mediası və məhkəmə-hüquq sistemində davam edən tendensiyalar bu təhdidlərin Azərbaycanın daxili işlərinə qarışmağa, xarici siyasət kursuna təsir etməyə, beynəlxalq mövqeyini zəiflətməyə və regionda sabitliyi pozmağa hesablandığını göstərir.
Açıqlamada Fransanın Azərbaycana qarşı hibrid təhdidlərinin bir neçə istiqaməti əhatə etdiyi bildirilib.
Bunlar sırasında hüquqi vasitələrlə təzyiq göstərilməsi, Fransa parlamentinin hər iki palatasında Azərbaycanı hədəf alan qətnamələrin qəbul edilməsi, beynəlxalq təşkilat və təsisatlarda ölkəmizə qarşı fəaliyyətlərin aparılması, Fransa mediasında Azərbaycanla bağlı mənfi imicin formalaşdırılması və radikal müxalifətçilərə birtərəfli tribuna verilməsi qeyd olunub.
Komissiya bildirib ki, Fransa mediasında bəzi radikal müxalifət nümayəndələrinə geniş yer verilməsi Azərbaycanın daxili işlərinə müdaxilə, ölkədəki real vəziyyətin təhrif olunması və Fransa ictimaiyyətinin çaşdırılması məqsədi daşıyır.
Açıqlamada həmçinin Fransada siyasi sığınacaq adı ilə məskunlaşan Azərbaycan əsilli radikal şəxslərdən hibrid təhdid aləti kimi istifadə edildiyi, erməni lobbisinin koordinasiyası ilə anti-Azərbaycan fəaliyyətlərin aparıldığı, beynəlxalq QHT-lər, “insan hüquqları” təşkilatları və “araşdırmaçı jurnalist” şəbəkələri vasitəsilə ölkəmizə qarşı kampaniyaların idarə olunduğu qeyd edilib.
Komissiyanın məlumatında Fransa tərəfindən və ya dolayı yollarla dəstəklənən qrupların onlayn platformalarda Azərbaycan əleyhinə saxta xəbərlər, təhrif olunmuş faktlar və təxribat xarakterli məlumatlar yaydığı vurğulanıb.
Bundan başqa, Fransanın Azərbaycanda casusluq fəaliyyəti ilə məşğul olduğu, bu fəaliyyətlərin ölkələr arasında münasibətləri sarsıtmağa, Azərbaycanın daxili siyasi vəziyyətini, iqtisadi inkişafını, hərbi potensialını və strateji maraqlarını öyrənməyə yönəldiyi bildirilib.
Açıqlamada Fransanın Ermənistana silah satışına və Avropa İttifaqının Ermənistandakı Missiyasını — EUMA-nı dəstəkləməsinə də toxunulub. Komissiya bu addımları Cənubi Qafqazda hərbi balansı dəyişdirməyə, gərginliyi artırmağa və sülh prosesini əngəlləməyə yönəlmiş fəaliyyət kimi qiymətləndirib.
Qeyd olunub ki, Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə Fransanın hibrid təhdidlərinin təsirini aradan qaldırmaq istiqamətində əks-tədbirlərini davam etdirir.
Komissiya bildirib ki, sadalanan faktlar nəzərə alınaraq, Fransanın dövlət və hökumət rəsmilərinə deyil, birbaşa Fransa xalqına müraciət etmək zəruri hesab olunur.
Açıqlamada vurğulanıb ki, Azərbaycan xalqı hər zaman Fransa xalqını dost hesab edib və bundan sonra da belə olacaq. Azərbaycan dövləti müstəqillik tarixi boyunca Fransa Respublikası ilə dostluq, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa hazır olduğunu bəyan edib.







