Göygöldə “Azərbaycanda alman memarlığı” adlı fotosərgi keçirilib.
Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev EDnews-a açıqlamasında layihənin məqsədi, sərgilərin davamı və Azərbaycandakı alman irsinin beynəlxalq səviyyədə təşviqi ilə bağlı fikirlərini bölüşüb.
Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev bildirib ki, fotosərginin əsas məqsədi Azərbaycanda mövcud olan alman memarlıq irsini yenidən ictimai diqqətə çatdırmaq və bu irsin tarixi dəyərini geniş auditoriyaya təqdim etməkdir.
Onun sözlərinə görə, layihə Almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyi ilə bağlı həyata keçirilən tədbirlərin davamıdır:
“Bu təşəbbüs çərçivəsində Göygöl rayonunda yerləşən tarixi alman yaşayış məskənlərinin memarlıq nümunələrini foto formatında canlandırmağa çalışdıq. Məqsəd yalnız tarixi göstərmək deyil, həm də bu irsin bu gün necə qorunduğunu nümayiş etdirməkdir”.
Çingiz Abdullayev qeyd edib ki, layihə təkcə Azərbaycanla məhdudlaşmır və son günlər ərzində müxtəlif şəhərlərdə fotosərgilər təşkil olunub:
“Bu müddət ərzində ümumilikdə dörd sərgi həyata keçirilib. Tədbirlərdən biri memarlıq və inşaat sahəsi üzrə platformada, digəri isə Göygöldə baş tutub. Eyni zamanda Almaniyanın Kotbus və Hamburg şəhərlərində keçirilən tədbirlər çərçivəsində də sərgilər nümayiş etdirilib”.
Onun sözlərinə görə, növbəti mərhələdə layihənin Almaniyanın digər şəhərlərində də davam etdirilməsi planlaşdırılır:
“İlin ikinci yarısında sərgilərin Almaniyanın müxtəlif bölgələrində keçirilməsi istiqamətində müzakirələr aparılır. Məqsəd Azərbaycandakı alman irsinin beynəlxalq auditoriyaya daha sistemli təqdim edilməsidir”.
Cəmiyyət sədri hesab edir ki, Azərbaycandakı alman irsinin tanıdılması üçün əlavə beynəlxalq təşəbbüslərə də ehtiyac var:
“Bu istiqamətdə aidiyyəti qurumlarla əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəyik. Həmçinin bu irsin vizual formada təqdimatı üçün qısametrajlı film və sənədli layihələrin hazırlanması da nəzərdə tutulur”.
Çingiz Abdullayev vurğulayıb ki, Göygöl və Şəmkirdə qorunub saxlanılan alman memarlıq nümunələri xarici qonaqlarda xüsusi maraq yaradır:
“Azərbaycanda bu irsin qorunması yüksək səviyyədə həyata keçirilir. Xaricdən gələn qonaqlar bunu xüsusi qeyd edirlər. Son dövrlərdə Almaniya, Avstriya və İsveçrədən gələn turistlərin də sayı artıb”.
Sədr əlavə edib ki, Azərbaycanın alman irsi yalnız tarixi yaddaş deyil, həm də ölkənin mədəni müxtəlifliyini nümayiş etdirən mühüm dəyərdir.
.jpg)
.jpg)
.jpg)
.jpg)








