İranın xarici işlər naziri Abbas Əraqçi omanlı həmkarı Bədr əl-Busaidi ilə telefon danışığında ABŞ ilə əldə olunmuş razılaşmanı müzakirə edib.
EDnews xəbər verir ki, bu barədə məlumat A. Əraqçinin "Telegram" kanalında paylaşılıb.
"Telefon danışığında İslamabad anlaşma memorandumu, eləcə də ikitərəfli məsələlər müzakirə edilib", - məlumatda qeyd olunub.
Tərəflər həmçinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıb, regional səviyyədə sabitlik və əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.
Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirib. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.







