“Güllələnməzdən əvvəl Mircəfər Bağırov oğlunun məzarını ziyarət edib”.
Bunu Xalq yazıçısı Çingiz Abdullayev EDnews-a müsahibəsində bildirib.
O, 1940–1950-ci illərdə repressiyaya məruz qalaraq güllələnmiş Azərbaycan xadimlərinin qalıqlarının axtarışı ilə məşğul olan komissiyanın fəaliyyəti barədə danışıb.
Onun sözlərinə görə, aparılan axtarışlara baxmayaraq, görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqları hələ də tapılmayıb.
“Biz 1940–50-ci illərdə güllələnmiş şəxslərin qalıqlarının axtarışı ilə məşğul olan komissiyada idik. Təəssüf ki, Mikayıl Müşfiqi hələ də tapa bilməmişik. Bu işlər zamanı bir sıra tanınmış xadimlərin, o cümlədən Mircəfər Bağırovun məzarı aşkar edilib”, — deyə yazıçı bildirib.
Çingiz Abdullayevin sözlərinə görə, güllələnməzdən əvvəl Mircəfər Bağırova Böyük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş pilot oğlunun məzarını ziyarət etməyə icazə verilib.
“O, məzarın yanına gəlib uzun müddət oğlunun qəbri üstündə ağlayıb. Bundan sonra Mircəfər Bağırov güllələnib. Qalıqlar aşkar edilərkən Bağırov mülki geyimdə olub. Onun cəsədi tapılanda əynində mülki geyim, cibində isə pensnesi və eynəyi var idi”, — deyə Abdullayev qeyd edib.
Xalq yazıçısı bildirib ki, qalıqlar aşkar edildikdən sonra ekspertiza aparılıb, materiallar Almaniyaya göndərilib. Yoxlamanın nəticəsində tapılan qalıqların Mircəfər Bağırova məxsus olduğu təsdiqlənib.
“Ekspertiza onun Mircəfər Bağırov olduğunu dəqiq təsdiqlədi. Bundan sonra qardaşı oğlu Hüseyn Bağırov cəsədi götürüb dəfn etdi”, — deyə Çingiz Abdullayev bildirib.
Aysel Hacıyeva | EDnews







