Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib.
EDnews xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarın ciddi narahatlıq doğurduğunu bəyan edib.
XİN-in şərhində bildirilib ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.
“Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur.
İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq.
Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək”, – deyə Nazirliyin açıqlamasında qeyd olunub.
Qeyd edək ki, İsrail hökuməti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qətnamə layihəsini təsdiqləyib.
Məlumata görə, layihə İsrailin xarici işlər naziri Gideon Saar tərəfindən irəli sürülüb.
Saar qərarı “mənəvi və tarixi borc” kimi qiymətləndirib.
Qətnamə layihəsinin səsvermə üçün Knessetin plenar iclasının gündəliyinə çıxarılacağı bildirilir.
.jpg)







