"Bir əsrdən sonra Bakının yenidən belə mötəbər tədbirə ev sahibliyi etməsi çox böyük tarixi məna daşıyır".
Millət vəkili Razi Nurullayev bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirdə EDnews-a danışarkən bildirib.
"1926-cı ildə Bakıda, İsmailiyyə binasında Birinci Türkoloji Qurultay keçirilmişdi. Bu qurultay türk dünyasının mədəni, elmi və mənəvi baxımdan birləşməsi, “dildə, fikirdə birlik” ideyasının formalaşması baxımından mühüm tarixi hadisəyə çevrilmişdi.
Həmin dövrdə türk xalqlarının dilinin, mədəniyyətinin inkişafı, türk birliyinin möhkəmlənməsi istiqamətində çox önəmli addımlar atılmışdı. Bu ideyalar bu gün də öz aktuallığını qoruyur və davam etdirilir.
Təəssüf ki, o dövrdə həmin məqsədləri tam şəkildə həyata keçirmək mümkün olmadı. 1926-cı il qurultayında iştirak edən bir çox ziyalı sonradan 1937-ci il repressiyalarının qurbanına çevrildi. Onların bir çoxu məhz Türkoloji Qurultayda iştirakına görə təqib olundu, “pantürkizm” damğası ilə günahlandırıldı və ağır cəzalara məruz qaldı.
Buna baxmayaraq, həmin insanlar çox böyük tarixi prosesin əsasını qoydular. Bu gün, 100 il sonra Azərbaycan yenidən Türkoloji Qurultaya ev sahibliyi edir. Dünyanın müxtəlif ölkələrindən alimlər, ziyalılar, dilçilər, akademiklər, elm və mədəniyyət xadimləri Azərbaycanda bir araya gələrək türk dünyasının növbəti mədəni inkişaf mərhələsini müzakirə edirlər".
Deputat diqqətə çatdırıb ki, tədbir sabah İsmailiyyə binasında davam etdirləcək:
"Bu tədbirin Heydər Əliyev Mərkəzində böyük izdihamla keçirilməsi də onun əhəmiyyətini bir daha göstərir. Sabah isə tədbirin 100 il əvvəl olduğu kimi İsmailiyyə binasında davam etdirilməsi xüsusi rəmzi məna daşıyır. Düşünürəm ki, bir əsrdən sonra keçirilən bu qurultay türk dünyasının birləşməsinə, mədəni və elmi əməkdaşlığın inkişafına yeni təkan verəcək".
.jpg)







