Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində Omanla əməkdaşlığı genişləndirəcəklərini açıqlayıb.
EDnews xəbər verir ki, Makron bu barədə Oman Sultanı Heysəm bin Tariqlə Parisdə keçirdiyi görüşdən sonra "X" sosial şəbəkəsində paylaşım edib.
"Yaxın Şərqdə gərginliyin azaldılması üçün birlikdə çalışırıq", – deyə Fransa Prezidenti bildirib.
Makron qeyd edib ki, Fransa və Oman tərəfdaş ölkələrlə birlikdə Hörmüz boğazında mina təmizləmə işləri üzrə əməkdaşlıq edəcək və əsas məqsəd dəniz marşrutlarının təhlükəsizliyini, eləcə də boğazdan sərbəst və maneəsiz keçidi təmin etməkdir.
Fransa lideri əlavə edib ki, tərəflər iqtisadiyyat, elm, mədəniyyət və sənaye sahələrində imzalanmış tarixi sazişlər əsasında strateji tərəfdaşlığı daha da gücləndirmək niyyətindədirlər.







