İsrail hökuməti rəsmi olaraq “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib. İsrailin xarici işlər naziri Gideon Saarın sözlərinə görə, qərar şəxsən öz tərəfindən irəli sürülən qətnamə layihəsi əsasında qəbul edilib. Layihə səsvermə üçün Knessetin plenar iclasının gündəliyinə çıxarılacaq.
İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi bu qərar regionda yeni siyasi müzakirələrə səbəb olub.
Türkiyəli politoloq Hasan Oktay qərarı EDnews-a şərh edərək bildirib ki, məsələ təkcə tarixi iddialarla bağlı deyil, həm də Cənubi Qafqazda geosiyasi balansı pozmağa yönəlmiş addımdır.

Politoloqun sözlərinə görə, Azərbaycan regionda yaranan problemləri Türkiyə ilə koordinasiyalı şəkildə həll etməyə çalışsa da, Bakının müstəqil xarici siyasəti İsrail tərəfindən diqqətlə izlənilib və müəyyən dövrlərdə Türkiyəyə qarşı siyasi alət kimi istifadə olunmağa cəhd göstərilib.
Hasan Oktay hesab edir ki, bu, uzunmüddətli strategiya deyil, konkret siyasi şəraitdən irəli gələn müvəqqəti yanaşmadır. Onun fikrincə, İsrailin Baş naziri Benyamin Netanyahu İran-İsrail qarşıdurması fonunda daxili və xarici siyasi mövqelərini gücləndirmək üçün regionda bütün mümkün təsir mexanizmlərini işə salmağa çalışır.
Ekspert qeyd edib ki, İran-Azərbaycan və Türkiyə-Azərbaycan münasibətləri ətrafında müxtəlif suallar yaradılsa da, həm Ankara, həm də Tehran İsrail rəhbərliyinin məqsədlərini yaxşı bildikləri üçün Bakı ilə münasibətlərdə hər hansı gərginliyin yaranmasına imkan verməyiblər.
Onun sözlərinə görə, Azərbaycanın İsrailin qərarına Xarici İşlər Nazirliyi səviyyəsində operativ reaksiya verməsi də vəziyyətin düzgün qiymətləndirildiyini göstərir. Türkiyə isə Azərbaycanın bu məsələdə mövqeyini nəzərə alaraq prosesə təmkinlə yanaşıb.
Hasan Oktay vurğulayıb ki, İsrailin qəbul etdiyi qərar Cənubi Qafqazda mövcud geosiyasi balansı dəyişdirə bilməz. Əksinə, bu hadisə Türkiyə, Azərbaycan və Ermənistan arasında hər hansı ilkin şərt olmadan sülh sazişinin imzalanmasının vacibliyini bir daha nümayiş etdirir.
Politoloq hesab edir ki, bölgədə köhnə münaqişələrin davam etdirilməsi gələcəkdə xarici güclər tərəfindən yenidən alətə çevrilə bilər. Onun fikrincə, məhz buna görə üç ölkə arasında davamlı sülhün təmin edilməsi regional təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır.
Ekspert həmçinin son illərdə gündəmə gətirilən müxtəlif nəqliyyat layihələrinə də toxunub.
O bildirib ki, istər “Tramp yolu”, istər Laçın dəhlizi, istərsə də Zəngəzur dəhlizi ətrafında aparılan siyasi müzakirələr xarici aktorların maraqları çərçivəsində formalaşdırılıb və regionda sabitliyə xidmət etmir.
“Bölgənin gələcəyi yalnız Türkiyə, Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad və heç bir ilkin şərt olmadan imzalanacaq üçtərəfli sülh sazişindən keçir”, – deyə Hasan Oktay vurğulayıb.
Politoloqun qənaətinə görə, yalnız bu halda Cənubi Qafqazda davamlı sabitlik və normal əməkdaşlıq mühiti formalaşa bilər, xarici güclərin regiondan geosiyasi təzyiq aləti kimi istifadə imkanları isə minimuma enər.
Aysel Hacıyeva | EDnews







