"Bu cür qurultaylar yalnız elmi platforma deyil, eyni zamanda türk dünyasının gələcəyinə hesablanmış strateji əməkdaşlıq modelidir".
Milli Məclisin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bunu Heydər Əliyev Mərkəzində keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirdə EDnews-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, Türkoloji qurultayının əsas səmərələrindən biri türk dövlətləri və xalqları arasında elmi, mədəni və tarixi əlaqələrin daha da möhkəmləndirilməsidir:
“Bu qurultay türk dövlətlərinin və türk xalqlarının bir-birinə daha sıx inteqrasiyasına xidmət edən mühüm platformadır. Burada ortaq tariximizin, ortaq mədəniyyətimizin və ümumi dəyərlərimizin daha dərindən araşdırılması üçün yeni istiqamətlər müəyyənləşdirilir. Hesab edirik ki, bu kimi təşəbbüslər gələcəkdə də davamlı xarakter alacaq və türk dünyası daxilində əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək”.
Rafael Hüseynov qeyd edib ki, Türkologiya sahəsində keçirilən beynəlxalq tədbirlərin mütəmadi xarakter alması ortaq elmi mühitin formalaşmasına, türk xalqları arasında qarşılıqlı anlaşmanın güclənməsinə və gələcək nəsillərə vahid mədəni irsin daha sistemli şəkildə çatdırılmasına xidmət edir.
.jpg)






