"Bakı bir əsr sonra yenidən böyük bir tarixi tədbirə — Türkoloji Qurultaya ev sahibliyi edir. Bu, şəhərin öz əzəmətini qoruduğunu və türk dünyası üçün yenə də mühüm mədəniyyət mərkəzi olaraq qaldığını göstərir.
Xalq artisti Cahangir Novruzov bunu Heydər Əliyev Mərkəzində keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirdə EDnews-a açıqlamasında bildirib.
"Mən uzun illər Türkiyədə fəaliyyət göstərən bir ictimai xadim və incəsənət nümayəndəsi kimi bu tədbirdə iştirak etməyi böyük şərəf və qürur hesab edirəm. Çünki 100 il əvvəl burada Azərbaycanın görkəmli ziyalıları, aydınları bir araya gəlmişdi. Onların arasında elə şəxsiyyətlər var idi ki, təkcə adlarını çəkmək belə bütöv bir tarixdən danışmaq deməkdir. Açığı, heç vaxt düşünməzdim ki, bir gün həmin böyük tarixi hadisənin 100 illiyinə həsr olunan forumda iştirak edəcəyəm. Bu, mənim üçün həm qürurverici, həm də çox təsirli bir hadisədir. Eyni zamanda, həmin dövrü xatırlayanda insanın ağlına kədərli məqamlar da gəlir. Çünki o qurultayda iştirak edən ziyalıların bir çoxu sonradan repressiya illərində ağır əzablar çəkdi, təqiblərə məruz qaldı".
O ümid edir ki, Azərbaycanda keçirilən bu qurultay da o dövrdə böyük aydınların arzuladığı məqsədlərə xidmət edəcək:
"Bu məqsəd türk dünyasının bir-birinə daha da yaxınlaşması, ortaq mədəniyyətimizin, dilimizin və mənəvi bağlarımızın güclənməsidir.Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Türk dünyasının inteqrasiyası, Türk dövlətlərinin bir araya gəlməsi və əməkdaşlığın daha da dərinləşməsi istiqamətində mühüm addımlar atılır. Bu proses təkcə kağız üzərində deyil, real əməkdaşlıq, ortaq fəaliyyət və birlik ruhu ilə davam etdirilir. Bu baxımdan, belə bir qurultayın keçirilməsi böyük əhəmiyyət daşıyır. Çünki dünyaya ilk növbədə mədəniyyətlə çıxmaq lazımdır. Böyük Hüseyn Cavidin məşhur sözləri bu gün də öz aktuallığını qoruyur: “Turana qılıncdan daha kəskin ulu qüvvət — yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”.
O qeyd edib ki, Heydər Əliyev siyasəti mədəniyyət xadimlərinə dünyaya çıxmaq, Azərbaycan mədəniyyətini tanıtmaq üçün geniş imkanlar yaradıb:
"Mən Türkiyədə yaşadığım və fəaliyyət göstərdiyim illərdə Novruz bayramı da daxil olmaqla, Azərbaycanın bir çox adət-ənənələrini insanlara anlatmağa çalışmışam. Bəzən mənə qəribə gəlirdi ki, biz Türkiyəni yaxşı tanıyırıq, amma Türkiyədə bir çox insan Azərbaycanı yetərincə tanımır. Deməli, aramızda müəyyən sədlər çəkilmişdi. Bu sədlər təkcə ölkələr arasında deyil, həm də insanların düşüncəsində mövcud idi. Bu gün isə həmin sədlər yıxılır. Türk dünyası bir-birinə daha da yaxınlaşır. İnanıram ki, bu forum, bu qurultay 100 il əvvəl qurulan arzuların reallaşmasına böyük töhfə verəcək".
.jpg)






