Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Himayəçilik Şurasının üzvü Aysəba Umutlu 27-29 iyun tarixlərində Banqladeşin Savar şəhərində “Yunus Sosial Biznes Mərkəzi” və Grameen bankın birgə təşkilatçılığı ilə keçirilən “Sosial biznes: parçalanmış dünyada sülhün dili” mövzusuna həsr olunan beynəlxalq konfransda iştirak edib.
EDnews xəbər verir ki, Aysəba Umutlu konfrans çərçivəsində keçirilən “Yeni nəsil qadın sahibkarların və liderlərin yetişdirilməsi” adlı panel sessiyada Azərbaycanın üzləşdiyi mina probleminin miqyasından, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz bərpa və qayıdış prosesinin əhəmiyyətindən və bu proseslərdə qadınların rolundan danışıb.
Bu gün Azərbaycanda təxminən 1.5 milyondan çox minanın olmasını qeyd edən Aysəba Umutlu mina təhlükəsinin insan həyatı, icmaların sosial-iqtisadi inkişafı və dayanıqlı gələcək üçün ciddi çağırış olduğunu diqqətə çatdırıb.
O, Azərbaycanda ilk dəfə olaraq təmsil etdiyi təşkilatın - BAMF-ın qadın minaxtaranlardan ibarət komandalarının yaradılmasını mühüm təşəbbüs kimi qiymətləndirib. Qeyd edib ki, qadın minaxtaranlar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə son üç il ərzində 800 hektara yaxın ərazini mina və partlayıcı sursatlardan təmizləyib və 115 ədəd piyada əleyhinə, 295 ədəd tank əleyhinə mina və 400-dən çox partlamamış hərbi sursat aşkarlayıblar.
Qeyd edək ki, 16-cı Sosial Biznes Günü 2026 konfransı Nobel Sülh Mükafatı laureatı professor Məhəmməd Yunusun təşəbbüsü ilə formalaşmış beynəlxalq platformalardan biridir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən nüfuzlu ictimai xadimlər, sosial biznes liderləri, beynəlxalq təşkilatların nümayəndələri, akademiklər və vətəndaş cəmiyyəti təmsilçiləri, həmçinin, 15 ilə yaxındır ki, “Yunus Mərkəzi” ilə uğurlu əməkdaşlıq edən BAMF-ın prezidenti Umud Mirzəyev də iştirak edib.












