"İsrail hökumətinin 1915-ci il hadisələrini qondarma “erməni soyqırımı” kimi tanıması tarixi həqiqətlərin hüquqi qiymətləndirilməsindən daha çox geosiyasi və siyasi maraqlarla bağlı qərardır".
Bu fikirləri politoloq Aytən Qurbanova EDnews-a açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, uzun illər bu məsələdə ehtiyatlı və balanslaşdırılmış mövqe sərgiləyən İsrailin məhz hazırkı regional və beynəlxalq şəraitdə yanaşmasını dəyişməsi qərarın tarixi faktlardan deyil, dəyişən siyasi reallıqlardan irəli gəldiyini göstərir.
Aytən Qurbanova qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatı da məhz bu məqama diqqət çəkir. Onun sözlərinə görə, mürəkkəb tarixi hadisələrin elmi araşdırmalar və hüquqi qiymətləndirmə müstəvisindən çıxarılaraq siyasi qərarların predmetinə çevrilməsi beynəlxalq hüququn prinsiplərinə ziddir.
Politoloq vurğulayıb ki, “soyqırımı” anlayışı beynəlxalq hüquqda konkret hüquqi məzmuna malik cinayət kateqoriyasıdır və bu məsələyə hüquqi qiymət vermək ayrı-ayrı dövlətlərin parlament və ya hökumətlərinin deyil, yalnız səlahiyyətli beynəlxalq məhkəmə institutlarının səlahiyyətinə daxildir. Bu səbəbdən müxtəlif ölkələrin qəbul etdiyi siyasi qərarlar hüquqi nəticə yaratmır və beynəlxalq məhkəmə qərarını əvəz edə bilməz.
Ekspert beynəlxalq münasibətlərdə tarixi hadisələrə münasibətdə selektiv yanaşmanın müşahidə olunduğunu da bildirib. Onun fikrincə, dünyanın müxtəlif bölgələrində baş vermiş humanitar faciələrə eyni həssaslıq göstərilmədiyi halda, bəzi tarixi hadisələrin geosiyasi maraqlar naminə gündəmə gətirilməsi ikili standartların mövcudluğunu nümayiş etdirir.
Aytən Qurbanovanın sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da haqlı olaraq qeyd edilir ki, bu cür qərarlar barışıq və qarşılıqlı etimad mühitinin formalaşmasına deyil, yeni siyasi qarşıdurmaların yaranmasına xidmət edir.
Politoloq bildirib ki, Cənubi Qafqaz hazırda postmünaqişə dövrünün mühüm mərhələsini yaşayır və Azərbaycan regionda davamlı sülh sazişinin imzalanması, kommunikasiyaların açılması və etimad mühitinin bərpası istiqamətində ardıcıl siyasət həyata keçirir. Belə həssas bir dövrdə tarixi mübahisələrin yenidən siyasi gündəmə gətirilməsi sülh prosesinə töhfə vermir, əksinə revanşist qüvvələrin manipulyasiya imkanlarını genişləndirə bilər.
Ekspert hesab edir ki, İsrailin bu qərarı Ermənistan tərəfindən növbəti dəfə siyasi dividend əldə etmək məqsədilə istifadə oluna bilər.
O xatırladıb ki, Ermənistan uzun illər qondarma “soyqırımı” iddialarını xarici siyasət aləti kimi təqdim etməyə çalışdığı halda, Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmə siyasəti və azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı beynəlxalq hüquqi məsuliyyət məsələlərindən yayınmağa cəhd göstərib.
Sonda Aytən Qurbanova vurğulayıb ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Tarixi hadisələrin siyasiləşdirilməsi nə beynəlxalq ədalətə, nə də uzunmüddətli sülhə xidmət edir. Dayanıqlı sülhün təmin olunması isə yalnız beynəlxalq hüququn bərabər tətbiqi, tarixi hadisələrin elmi əsaslarla araşdırılması və ikili standartlardan imtina olunması şəraitində mümkündür.
Aysel Hacıyeva
.jpg)






