Milli Müdafiə Universiteti cari ilin 29 iyun - 13 iyul tarixlərində Hərbi Hava Qüvvələri ixtisasları üzrə “Zabit hazırlığı kursu”na sənəd qəbulu elan edir.
EDnews xəbər verir ki, bu barədə Milli Müdafiə Universiteti məlumat yayıb.
Bildirilib ki, “Zabit hazırlığı kursu”na ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikasının 35 yaşınadək kişi cinsli vətəndaşları müraciət edə bilərlər.
"Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir və Hərbi Həkim Komissiyasının qərarına əsasən zabitlərin həqiqi hərbi xidmətinə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.
Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi və ixtisas uyğunluğu nəzərə alınmaqla kursa qəbul edilirlər. Müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Zabit hazırlığı kursu” hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola bilərlər.







