WhatsApp istifadəçilərə telefon nömrələrini paylaşmadan əlaqə yaratmağa imkan verəcək yeni istifadəçi adı (username) funksiyasını istifadəyə verməyə hazırlaşır.
EDnews xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Məlumata görə, Meta şirkətinə məxsus mesajlaşma platformasında istifadəçilər bazar ertəsi günündən etibarən unikal istifadəçi adlarını rezerv edə biləcəklər. Yeni funksiya növbəti aylarda mərhələli şəkildə platformanın təxminən 3 milyard istifadəçisi üçün əlçatan olacaq.
Yenilik tam tətbiq edildikdən sonra istifadəçilər yeni söhbətlərə başlamaq üçün yalnız istifadəçi adlarını paylaşmaqla əlaqə yarada biləcəklər. Şirkət bildirib ki, bloklama və şikayət etmə funksiyaları əvvəlki qaydada fəaliyyət göstərəcək.
WhatsApp-da istifadəçi adları maksimum 35 simvoldan ibarət olacaq. Saxtakarlığın qarşısını almaq məqsədilə tanınmış siyasətçilərin və məşhurların adları digər istifadəçilər tərəfindən istifadə oluna bilməyəcək.
Şirkət qeyd edib ki, bu yenilik istifadəçilərin məxfiliyinin artırılmasına yönəlib. Xüsusilə qrup söhbətlərində bir çox istifadəçi telefon nömrəsini paylaşmadan ünsiyyət qurmaq istədiyini bildirib.
Bununla yanaşı, WhatsApp hesabının yaradılması üçün telefon nömrəsi əvvəlki kimi tələb olunacaq və istifadəçi adları üzrə açıq axtarış kataloqu yaradılmayacaq.
Məxfilik üzrə ekspertlər yeni funksiyanı müsbət qiymətləndirsələr də, Meta şirkətinin məlumatların idarə olunması siyasəti ilə bağlı müzakirələrin davam etdiyini vurğulayırlar.
Qeyd edək ki, bu funksiya 2024-cü ildə Signal platformasında təqdim edilən oxşar sistemdən sonra istifadəyə verilir və istifadəçilərin şəxsi məlumatlarına daha çox nəzarət imkanının artırılması istiqamətində mühüm addım hesab olunur.







